"İranda hələ də güclü mühafizəkar qüvvələr mövcuddur" - ŞƏRH EDİLDİ

"Pezeşkianın fikirləri İran cəmiyyətini və dövlətini dəyişdirə, inkişafa kömək edə biləcək qədər əhəmiyyətli və bütövlükdə mütərəqqidir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas, siyasətçi Əli Mustafa deyib.

Siyasətçinin sözlərinə görə, İranda hələ də güclü mühafizəkar bir hissə mövcuddur: "Onlar daha çox köhnə düşüncə tərzi ilə hərəkət edirlər. Bu düşüncə sahibləri dünyaya qarşı, xüsusilə də region ölkələrinə və müsəlman ölkələrinə qarşı dost olmayan münasibətlərin inkişafına səbəb olurlar.

Demək olar ki, bu mühafizəkar dairələr həm İranın normal inkişafına, həm də region dövlətləri ilə əlaqələrin normallaşmasına ciddi şəkildə mane olurlar. Bu səbəbdən Pezeşkianın mövqeyi ilə onların mövqeyi ziddiyyət təşkil edir.

Pezeşkian ölkəni irəli aparmaq istəyir, onlar isə ölkəni geri çəkirlər. Bu mühafizəkar qüvvələr eyni zamanda öz şəxsi maraqlarını qorumaq üçün islahatların qarşısını almağa çalışırlar. Onlar anlayırlar ki, əgər İranda islahatlar başlasa, onların mövqeyi və təsiri itəcək.

Nəticədə, bu yanaşmanın gətirdiyi əsas problem odur ki, bu gün İranda nə normal təhlükəsizlik sistemi, nə də sağlam idarəçilik mövcuddur. Amma bütün hallarda Pezeşkian daha haqlıdır və düzgün mövqedədir. Əgər İran xalqı onu dəstəkləsə və bu mühafizəkar dairələri uzaqlaşdırmaq mümkün olsa, o zaman İran inkişaf edə bilər və qonşu ölkələrlə, o cümlədən Azərbaycanla münasibətləri də normallaşa bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə