“Ermənistan prosesi uzatmaqla ABŞ-a və Trampa qarşı hörmətsizlik edir” - RƏY BİLDİRİLDİ
Politoloq Oqtay Qasımov SİA-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri çərçivəsində əldə edilən razılaşmalardan sonra verdiyi müsahibədə mühüm məqamlara toxunulub. Bu məqamlardan biri də Ermənistanın üzərinə düşən məsuliyyətdir: “Ermənistan uzun müddət ərzində prosesləri süni şəkildə uzatmaq siyasətinə üstünlük verib. Lakin hazırkı mərhələdə bu cür yanaşmanın davam etdirilməsi Ermənistan üçün ciddi problemlər yarada bilər. Çünki artıq prosesin təşkilatçısı qismində çıxış edən ABŞ və şəxsən Prezident Donald Trampa qarşı belə davranış hörmətsizlik kimi qiymətləndirilə bilər. Bu isə Ermənistan üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər”.
Politoloqun sözlərinə görə, əsas maneə Ermənistanın Konstitusiyasında dəyişikliklərin edilməməsi ilə bağlıdır: “Prosesin uzadılması artıq mümkün deyil. Əsas problem Konstitusiya dəyişiklikləri və referendumun gedilmə məsələsidir.Sülh müqaviləsinin imzalanmasına mane olan əsas faktor Ermənistanın daxili qanunvericiliyində, xüsusilə də Konstitusiyada dəyişikliklərin aparılmamasıdır. Ermənistan rəhbərliyi məsuliyyətini dərk etməli və bu dəyişiklikləri qısa müddətdə həyata keçirməlidir. Əks halda bu, ABŞ və şəxsən Donald Tramp tərəfindən ciddi narazılıqla qarşılanacaq”.
Oqtay Qasımov əlavə edib ki, Ermənistanın atmalı olduğu addımlar aydındır: “Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma əldə olunmalı və konkret addımlar atılmalıdır. Eyni zamanda, sərhədlərin delimitasiya və demarkasiya prosesi sürətləndirilməli, Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsi məsələsi öz həllini tapmalıdır. Bu addımlar həyata keçirildikdən sonra yekun sülh müqaviləsinin imzalanması mümkündür”.
Bütün xəbərlər Facebook səhifəmizdə