Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistana səfər edib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munirin dəvəti ilə İslamabad şəhərinə yola düşüb.

SİA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, keçirilən qarşılanma mərasimində protokola uyğun olaraq general-polkovnik Kərim Vəliyev və feldmarşal Asim Munir fəxri qarovulun qarşısından keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Mərasimin sonunda şəhidlər abidəsinin önünə əklil qoyulub.

Səfər çərçivəsində Azərbaycanla Pakistan Müdafiə nazirlikləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Görüşün sonunda general-polkovnik Kərim Vəliyev feldmarşal Asim Muniri və Pakistan Ordusunun şəxsi heyətini "Müstəqillik günü" və "Haqqın qələbəsi" əməliyyatında əldə edilmiş uğur münasibətilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.

Sonra feldmarşal Asim Munirə Azərbaycanın müdafiə nazirinin əmri ilə verilmiş "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanın paytaxtı İslamabadda ilk dəfə keçiriləcək "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi paradda iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə