Azərbaycan Prezidenti sülhün qarantı olduğunu Vaşinqton görüşündə bir daha təsdiqlədi – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Vaşinqtonda keçirilən görüşlər, imzalanan birgə bəyannamə, strateji tərəfdaşlığa dair qəbul olunan sənədlər Azərbaycan – Amerika münasibətlərində yeni, parlaq bir mərhələnin əsasıdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, bu, həm də Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətin, diplomatik gedişlərin bir nəticəsidir.

“Azərbaycan və Ermənistan arasında imzalanan birgə bəyannamə və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın bilavasitə bu sənədə imza etməsi, şahidlik etməsi ölkəmizin rəhbərinə göstərilən böyük etimadın və onun sülh, əmin-amanlıq siyasətinə verilən qiymətin bir nəticəsi, bariz nümunəsidir. Bu sənədlər əlbəttə ki, dövlətimizin milli maraqlarına tamamilə uyğundur və təhlükəsizliyin, toxunulmazlığın təmin olunmasına, həm də gələcək inkişafa yönəldilmişdir. Ölkələrin sərhədlərinin toxunulmazlığı, təhlükəsizlik məsələləri, müstəqilliyə, suverenliyə hörmət, bir çox vacib məsələlərin, xüsusilə, Zəngəzur dəhlizinin Tramp körpüsü nəqliyyat dəhlizi adlandırılması və nəqliyyat strukturunun genişləndirilməsi ilə əlaqədar məsələlərin bu bəyannamədə yer alması hər iki ölkənin, eləcə də region dövlətlərin inkişafına, əməkdaşlığın genişləndirilməsinə yeni bir töhfə olacaq.

Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi cənab İlham Əliyevin ilk gündən başlıca vəzifəsi kimi qarşıya qoyulmuş və Azərbaycan Prezidenti bütün hallarda ölkəsinin təhlükəsizliyini, xalqın xoşbəxtliyini təmin etmək üçün vasitələrə əl atmış, özünün sülhsevər mövqeyini ortaya qoymuşdur. Bu sənəddə də bu ideyalar aydın əks olunur, eləcə də görüşlərdə Azərbaycan Prezidentinin səsləndirdiyi ifadələrdə dostlüq, qardaşlıq, əmin-amanlıq məsələləri ön planda olmuşdur. Təsadüfi də deyil ki, ATƏT-in Minsk Qrupu artıq tarixin arxivinə düşdü, çünki həmin qurumun məhz qeyd olunan idayelarla bağlı heç bir fəaliyyət göstərməməsi, ümimiyyətlə, fəaliyyətsizliyi fonunda bu, tamamilə məntiqidir. Məhz belə bir fəaliyyətsiz qurumun artıq keçmişdə qalması özü də bir tarixi uğurdur.

Donald Trampın irəli sürdüyü təşəbbüs həm də iki ölkə arasında sülhün, əmin-amanlığın yaradılmasına, inkişifına verilən zəmanət, həm də dünyaya, dünya ölkələrinə bir mesajdır. Dünyada sülh, azadlıq, demokratiya, insan haqları bərpa edilmədən heç bir inkişafa, tərəqqiyə nail olmaq mümkün deyil. Cənab Prezident bütün mötəbər tribunalardan, eləcə də Vaşinqton görüşlərində bunu bir daha səsləndirdi və sülhün tərəfdarı olduğunu sübut etdi. Bu qürurvericidir və ölkəmizin rəhbərinin, Azərbaycan diplomatiyasının bir uğuru olaraq tarixə yazıldı.

Əlbəttə ki, sülhün, əmin-amanlığın, uzun sürən münaqişənin aradan qaldırılması Azərbaycanın gələcək inkişafına öz töhvəsini verəcək və haqlarımızın, insanlarımızın xoşbəxt yaşaması, dünyada sülhün, əmin-amanlığın bərpa edilməsi, bəşəriyyət üçün bir dəyərdir. Azərbaycan Prezidenti öz əməlləri ilə, öz fikirləri ilə, düşüncələri ilə bunu dünyaya sübut etdi və sülhün qarantı olduğunu bir daha Vaşinqton görüşündə təsdiqləmiş oldu”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə