YAP Nizami rayon təşkilatı könüllülərinin və gənclərinin yay məktəbinin bağlanış mərasimi keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı könüllülərinin və gənclərinin yay məktəbinin bağlanış mərasimi keçirilib.

YAP Nizami rayon təşkilatının qərargahında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirələrinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə yay məktəbi çərçivəsində görülən işlərə dair hesabat video-çarxı nümayiş etdirilib.

Sonra Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatın rəhbərinin müavini Ramilə Bədəlova, Mərkəzi Aparatın Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.

Bildirilib ki, partiyanın gənclərin asudə vaxtının səmərəli təşkili və onların bacarıqlarının reallaşdırılması istiqamətində həyata keçirdiyi yay məktəbləri kimi layihələri birbaşa dövlətin, Prezident İlham Əliyevin cəmiyyətimizin sözügedən aktiv təbəqəsinə olan qayğısından irəli gəlir.

Qeyd olunub ki, YAP siyasi partiya olmaqla yanaşı, eyni zamanda, gənclər üçün bir inkişaf məktəbidir. Çünki partiyanın təşkil etdiyi bütün layihələrin əsas fəlsəfəsini gənclərin milli ruhda yetişdirilməsi təşkil edir.

Diqqətə çatdırılıb ki, yay məktəbi kimi layihələr gənclərin inkişaf, dialoq və inteqrasiya platformasıdır. Eyni zamanda cəmiyyətimizin avanqard qüvvəsi olan gənclərin kreativ və intellektual bacarıqlarının aşkara çıxarılması, reallaşdırılması və özünüsübut məkanıdır. Bu cür layihələr gənclər arasında ünsiyyətin yaranmasına, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatı ilə bağlı fikirlərin mübadiləsinə şərait yaradır.

Çıxışlardan sonra YAP-a üzv olmuş gənclərə vəsiqələri təqdim edilib, yay məktəbinin iştirakçıları isə sertifikatlarla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə