Mətləb Salahov: “Paşinyanın Brüssel səfərindən sonra Ermənistanda həlledici proseslər başlayacaq”
“Ermənistanın baş naziri Nikol Paşinyanın son Brüsselə səfəri və orda qəbul edilən qərarlar o deməkdir ki, Ermənistan daxilindəki revanşistləri və Moskvaya bağlı qüvvələri “təmizləyən” hakimiyyət başçısı, həm də parlament seçkilərinə qədər həlledici addımlar atmağı planlaşdırır. Bura Azərbaycanla sülh müqaviləsinin imzalanması, kommunikasiya xətlərinin açılması, İrəvanın bölgədəki mühüm infrastruktur layihələrə qoşulması kimi aktual məsələlər daxildir”.
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov deyib. M.Salahov vurğulayıb ki, Ermənistandakı sülh əleyhdarlarını, əsasən də “çörəyi” Qarabağ kartından çıxan revanşistləri zərərsizləşdirməyə və erməni ictimai rəyində mövqelərini gücləndirməyə çalışan erməni baş nazir, buna paralel olaraq da Qərbin bölgədəki gələcək layihələri və Azərbaycanla münasibətlər barədə planlar qurur. “Əslində Qarageni və kilsə hakimiyyətini darmadağın etməklə N.Paşinyan qarşıdakı daha mühüm addımlar üçün hazırlıq görür, Ermənistan cəmiyyətini buna hazırlayır. Samvel Karapetyan kimi bir oliqarxı həbsə atdırıb zərərsizləşdirmək indiki baş nazir üçün olduqca uğurlu əməliyyat sayılmalıdır.
Ən maraqlısı odur ki, erməni cəmiyyəti də onun bu addımlarını dəstəkləyən mövqe sərgiləyir. Çünki keçmişdə hakimiyyətdə olduqları vaxt Ermənistanın sərvətlərini sümürüb altına yığan, müharibə siyasəti ilə milyardlar qazanan “Qarabağ klanı”ndan olmazın müsibətlərini çəkən erməni xalqı Sarkisyan-Köçəryan cütlüyünü zibil qutusuna atmış kimi yaddaşından silib atıb.
Diqqət edin, Paşinyan bu gün Ermənistan mətbuatına nə mesajlar verib: bölgədə nəqliyyat infrastrukturunun açılmasına, o cümlədən Ermənistan ərazisindən Ermənistan ərazisinə Azərbaycan vasitəsilə, eləcə də Azərbaycan ərazisindən Azərbaycan ərazisinə Ermənistan vasitəsilə keçidə razılıq verib. Üstəlik Sülh Müqaviləsi barədə optimist mövqe sərgiləyib. N. Paşinyan kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələrdə mövqeyinin dəyişməyəcəyini açıqlayıb. O, bütün müzakirələrin Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası kontekstində aparıldığını vurğulayıb. Açıqca görünür ki, hazırkı erməni baş nazir həlledici proseslər üçün düyməni basıb. Xüsusilə Zəngəzur dəhlizi barədə onun son addımlarından sonra Rusiyanın tətikdə durduğuna tam əmin olmaq lazımdır. Çünki Moskva yenilənmiş emissarları ilə Ermənistan siyasətinə müdaxilə etməyə və öz maraqlarını qorumağa çalışır. Demək Ermənistan üçün olduqca həlledici zaman yaxınlaşır. Bu mərhələdən kimin qalib, kimin məğlub çıxacağını zamanın özü göstərəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə