"Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü və modern ordularından biridir" - ŞƏRH EDİLDİ
"26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan Respublikasının dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik bir gündür. Bu tarix, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə təsis etdiyi milli ordu ənənələrinin davamı olaraq, müasir Azərbaycan Ordusunun təməlini qoyan gün kimi qeyd olunur". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün yalnız ölkəmizin ərazi bütövlüyünün qorunmasında deyil, eyni zamanda regionda və beynəlxalq miqyasda sülhün və sabitliyin təminatında mühüm rol oynayır: "Xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi peşəkarlıq, yüksək döyüş qabiliyyəti və texnoloji üstünlüyü dünya hərb elminə yeni yanaşma nümunələri kimi daxil oldu. Həmin müharibədə əldə olunan tarixi Zəfər sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü və modern ordularından biridir.
Bu gün Azərbaycan Ordusu öz inkişaf dinamikasını davam etdirir. Müasir texnologiyaların tətbiqi, peşəkar kadr hazırlığı, beynəlxalq hərbi əməkdaşlıqlar və hərbi təlimlərin mütəmadi keçirilməsi ordumuzun döyüş hazırlığını daha da gücləndirir. Eyni zamanda, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına uyğunlaşan, yüksək intizamlı və çevik bir hərbi struktur formalaşdırıb. Bu gün dövlətimizin ordu quruculuğuna verdiyi önəm, təkcə hərbi güc baxımından deyil, həm də milli ruhun, vətənpərvərliyin və birlik duyğusunun formalaşması baxımından da önəmlidir. Ordumuz yalnız silahlı qüvvə deyil – o, xalqımızın qürur mənbəyi, müstəqilliyimizin və suverenliyimizin qarantıdır.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, qazilərimizi və şəhid ailələrini dərin ehtiramla salamlayıram. Azərbaycan Ordusu hər bir vətəndaşın güvən yeridir və bu güvən gələcək nəsillər üçün əbədi bir örnək olaraq qalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə