Kolumbiya mətbuatı: Azərbaycan - qlobal diqqətin yeni mərkəzi

Kolumbiyanın aparıcı xəbər agentliyi “Las2orillas”da jurnalist Roberto Trobaxonun müəllifi olduğu “Qlobal diqqətin yeni mərkəzi: Kolumbiyaya çox yaxın ölkə - Azərbaycan” sərlövhəli məqalə dərc edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, məqalədə getdikcə möhkəmlənən Azərbaycan-Kolumbiya ikitərəfli münasibətlərinin müxtəlif aspektlərinə toxunulur, dost xalqlar arasında onları bir-birinə daha da yaxınlaşdıran səmərəli mübadilələr həyata keçirildiyi qeyd olunur.

Yazıda Azərbaycan Hökumətinin ən çətin anlarda Kolumbiyanın yanında olduğu bildirilir, paytaxt Boqotada çıxan meşə yanğınlarının fəsadlarının aradan qaldırılması və Duitama şəhərində paramo qoruqlarının mühafizəsi ilə əlaqədar bu ölkəyə maliyyə yardımları göstərdiyi vurğulanır.

Diqqətə çatdırılır ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etdikdən sonra bu ərazilərin minalardan təmizlənməsi istiqamətində ciddi səylər göstərir və minatəmizləmə sahəsində qazandığı mühüm təcrübəni Kolumbiya tərəfi ilə bölüşür.

Müəllif, eyni zamanda, iki ölkə arasında təhsil və mədəniyyət sahələrində münasibətlərin inkişafının diqqətəlayiq olduğunu vurğulayır, gənc kolumbiyalıların Azərbaycan tərəfinin təqdim etdiyi təqaüd proqramları əsasında bu ölkənin nüfuzlu universitetlərində təhsil almaq imkanına malik olduqlarını bildirir.

Məqalədə, həmçinin cari ilin fevralında Kolumbiya Konqresinin tarixi binasında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş əsərlərdən ibarət “Xocalı harayı” adlı rəsm sərgisi təşkil edildiyi, eyniadlı kitabın ölkəmizin səfiri Məmməd Talıbov tərəfindən Kolumbiya Milli Kitabxanasına hədiyyə olunduğu, o cümlədən dünyaca məşhur kolumbiyalı rəssam və heykəltaraş Fernando Boteronun əsərlərinin bu il Bakıda sərgilənəcəyi barədə məlumat verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə