Şimali Makedoniya Respublikası Assambleyasının sədri Bakıda Zəfər parkını ziyarət edib - FOTOLAR
Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi iyunun 18-də Bakıda Zəfər parkını ziyarət edib. SİA xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Şimali Makedoniya Respublikası Assambleyasının sədri Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə