"Azərbaycan dünya birliyində nüfuzlu və etibarlı tərəfdaşlardan biri kimi qəbul olunur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası müstəqilliyini 1991-ci ildə yenidən bərpa etdikdən sonra, beynəlxalq aləmdə tanınmaqda ciddi çətinliklərlə üzləşdi. Həmin dövrdə Azərbaycan demək olar ki, dünyada tanınmırdı. Bəzi ölkələr, xüsusilə də bizə yad və soyuq münasibət bəsləyən dövlətlər Azərbaycanın tanınmasına qarşı açıq və gizli maneələr yaradırdılar". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, bu prosesdə əsas maneələrdən biri Rusiya idi: "Moskva, keçmiş Sovet respublikalarının, xüsusilə də Azərbaycan kimi strateji önəmə malik ölkələrin müstəqillik qazanmasını və beynəlxalq arenada tanınmasını arzulamırdı. Digər bir qonşu dövlət olan İran da Azərbaycanın tanınması prosesinə müxtəlif formalarda əngəllər törətməyə çalışırdı. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan dövləti bu maneələrin öhdəsindən gəlməyi bacardı. Xüsusilə də, 1993-cü ildə xalqın təkidi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı bu prosesdə dönüş nöqtəsi oldu. Onun uzaqgörən siyasəti və diplomatik addımları nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz yerini tutmağa başladı və ölkəmiz dünya birliyində getdikcə daha çox tanınmağa başladı. Təbii ki, 2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə bu proses daha da sürətləndi. Yeni texnologiyaların inkişafı və yaranan qlobal imkanlar da Azərbaycanın dünyada daha effektiv tanıdılmasına şərait yaratdı. Bu sahədə Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, strateji baxışı və prinsipial mövqeyi mühüm rol oynadı. Onun şəxsiyyətində təcəssüm olunan siyasi iradə və müasir idarəetmə yanaşması ölkəmizin beynəlxalq müstəvidə qısa müddətdə tanınmasına və hörmət qazanmasına zəmin yaratdı.

Bu gün Azərbaycan dünya birliyində nüfuzlu və etibarlı tərəfdaşlardan biri kimi qəbul olunur. Bir çox dövlət və beynəlxalq qurumlar Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu nailiyyətlər ilk növbədə ölkə rəhbərinin şəxsi keyfiyyətləri və düzgün daxili-xarici siyasət kursu sayəsində mümkün olub. Eyni zamanda, Azərbaycanda bu istiqamətdə çalışan geniş bir peşəkar kadr bazası formalaşıb. İstər jurnalistika, istər siyasət, istər diplomatiya, istərsə də digər sahələrdə Azərbaycanı beynəlxalq miqyasda təmsil edən və tanıdan çoxsaylı mütəxəssislər yetişib. Bu insanlar ölkəmizin milli maraqlarını qorumaqla yanaşı, Azərbaycanın müasir və inkişaf edən dövlət imicini dünyaya çatdırmaqda mühüm rol oynayırlar".

"Bu gün Azərbaycanda beynəlxalq əlaqələr sahəsində peşəkar kadrlar formalaşıb. Onlar həm Qərbin, həm də Şərqin dillərini və mədəniyyətlərini yaxşı bilirlər, öz ixtisaslarına dərindən bələddirlər və imkan daxilində ölkəmizi dünyada layiqincə təmsil edirlər. Onların ən parlaq nümunəsi, əlbəttə ki, Prezident İlham Əliyevdir. Prezidentlə yanaşı, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva da Azərbaycanın beynəlxalq arenada müsbət imicinin formalaşmasında mühüm rol oynayır. Ümumilikdə isə Prezidentin ailəsi yorulmadan Azərbaycanın dünyada tanınması, mədəniyyətimizin, tariximizin və dəyərlərimizin təbliği istiqamətində böyük xidmətlər göstərir. Bu fəaliyyətlərin nəticəsi artıq göz qabağındadır. Bu gün Azərbaycan dünyada ən hörmət edilən və əməkdaşlıq üçün üstünlük verilən ölkələrdən birinə çevrilib" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə