Siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə birgə səfərləri Azərbaycan cəmiyyəti tərəfindən artıq formalaşmış demokratik ənənə kimi qəbul olunur. Prezident İlham Əliyevin təşəbbüsü ilə fəal şəkildə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində siyasi partiya sədrlərinin birgə səfərləri siyasi müstəvidə tərəflər arasında yaşanan etibarlı münasibətlərin göstəricisidir. Odur ki, müsbət ənənəyə çevrilmiş sözügedən səfərlər artıq ölkənin siyasi gündəliyinin ayrılmaz parçasıdır. Təsadüfi deyil ki, milli həmrəylik təzahürü ilə təcəssüm olunan sözügedən demokratik təcrübə ictimaiyyət tərəfindən təqdir olunur və dəstəklənir. SİA xəbər verir ki, iyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin sayca yeddinci (daha öncə Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Xocalı, Əsgəran, Xankəndi və Laçın) olan növbəti birgə səfəri baş tutub.
Son illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində mütəmadi olaraq müxtəlif səpgili layihələr icra edilir. Siyasi partiya sədrlərinin, habelə ölkədə tanınmış alim, politoloq və qələm sahiblərinin iştirakı ilə təşkil olunan çoxsaylı görüşlər, açıq müzakirələr, teledebatlar, peşəkar diskussiyalar, birgə səfərlər, konfranslar və digər bu kimi layihələr mövcud istiqamətdə görülən işlərin sadəcə bir parçasıdır. Bütün bu təşəbbüslər demokratik ənənələri daha da dərinləşdirir və siyasi proseslərdə iştirak edən tərəflər arasında etibarlı əməkdaşlıq münasibətlərinin bərqərar olunmasına xidmət edir.
Budəfəki birgə səfərin ünvanı Cəbrayıl və Zəngilandır. Səfərdə, ümumilikdə, 70 nəfərdən artıq şəxs iştirak edib. 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlərin iştirakı ilə keçirilmiş səfərin proqramı kifayət qədər zəngin və maraqlı idi.
Səfər çərçivəsində iştirakçılara Horadiz şəhərinin yaxınlığında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat verilib və düşmən tərəfindən basdırılmış minaların zərərsizləşdirilməsi prosesini izləmək imkanı yaradılıb.
Daha sonra səfər iştirakçıları üçün Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən Cəbrayıl şəhərinin giriş hissəsində işğal zamanı düşmənin dağıtdığı evlərin qalıqları, Cəbrayıl şəhər yaşayış kompleksi və Mehdi Mehdizadə adına tam orta məktəb ilə tanışlıq, həmçinin şəhərin baş planının təqdimatı keçirilib.
Səfər çərçivəsində iştirakçılar Cəbrayılda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı haqqında geniş məlumat əldə ediblər. Daha sonra qonaqlar üçün Zəngilanın Məmmədbəyli kəndi, Zəngilan şəhər məscidi, Zəngilan Konqres Mərkəzi, 104 mənzilli yaşayış kompleksi və Oxçuçay üzərində yerləşən “Zəngilan” SES-ə ekskursiyalar təşkil olunub.
Siyasi partiya sədrləri ilə birgə səfərdə iştirak edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasilərin qarşısında çıxış edərək, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində ötən dövr ərzində görülmüş işlər haqqında geniş məlumat verib.
Sağlam əməkdaşlığın və həmrəylik mühitinin siyasi sabitliyin və demokratik münasibətlərin əsas və prinsipial göstəricilərindən olduğunu vurğulayan Administrasiya rəsmisi qeyd edib ki, mövcud istiqamətdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən nümayiş olunan siyasi iradə əldə olunmuş bütün uğurların əsasını təşkil edir, həmçinin 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan xalqının əzmkarlığı ilə yanaşı, cəmiyyətimizdə yaşanan milli həmrəyliyi və birliyi təcəssüm etdirir.
Cəbrayıl və Zəngilanın timsalında işğaldan azad olunmuş bütün ərazilərdə aparılan genişmiqyaslı işlər Azərbaycan dövlətinin iqtisadi qüdrətinin nümayişi olduğunu bildirən Ədalət Vəliyev qeyd edib ki, bir müddət sonra Qarabağ dünyanın ən füsunkar ünvanlarından biri olacaq. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Böyük Qayıdış Proqramı bu cür nəticələrin əldə olunması üçün müstəsna zəmin yaradır.
Səfər iştirakçılarına bildirilib ki, bölgənin turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə uzlaşdırılacaq. Burada hotellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf etdiriləcək. Yaradılacaq yeni infrastruktur layihələri Qarabağa qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə