Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində şəhid övladları üçün bayram tədbiri təşkil edib. SİA xəbər verir ki, tədbir “Səbail Peşəkar Futbol Klubu”nun təşkilatçılığı və Cəlal Qurbanovun “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində həyata keçirilib.
Tədbirin rəsmi hissəsində “Səbail” PFK-nın icraçı direktoru Firuz Abdulla, Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov və İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov çıxış ediblər. Çıxışlar zamanı Vətən Müharibəsi, Azərbaycanın suverenliyinin bərpası, tarix yazan şəhidlərin qəhrəmanlığı və digər mühüm məsələlər barədə ətraflı məlumat verilib.
Rəsmi hissə bitdikdən sonra şəhid övladları stadiona gedərək “Səbail” PFK-nın əvəzedici komandasının məşqini izləyib və komandalara bölünərək onlarla birgə futbol oynayıblar. Həmçinin futbol barədə müxtəlif suallarını idmançılara ünvanlayıblar.
Futbol oynadıqdan sonra balacalar qonaqlar “Səbail”in futbolçuları ilə birgə klubun yeməkxanasında nahar ediblər. Tədbirin sonunda əsas heyətin oyunçuları Rüfət Abdullazadə, Mert Çelik, Nicat Məmmədzadə, Suleyman Alluş, Emin Rüstəmov və İnnosent Nşuti şəhid övladlarına hədiyyələr təqdim edərək, onlarla xatirə şəkili çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə