Azərbaycan, Türkiyə və Pakistanın dostluq münasibətləri tarixi nailiyyətlərə imza atır
Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır. Qlobal münasibətlər sistemində dostluğa, tərəfdaşlığa sədaqəti ilə tanınan ölkəmiz, tarixi ənənələr və ən ülvi dəyərlər çərçivəsində inkişaf etdirilən əməkdaşlığın daimi inkişafı uğrunda çalışır. Bu mənada, Azərbaycanın yaxın-uzaq coğrafiyalarda özünə dost, qardaş hesab etdiyi dövlətlər var ki, ən çətin günlərdə həmin dövlətlərlə çiyin-çiyinə dayanır, ən yaxın dəstəkçi qismində çıxış edir.
Təbii ki, bu mənada Azərbaycan-Türkiyə münasibətləri xüsusi anlam daşıyır - eyni zamanda, rəsmi strateji müttəfiq sayılan ölkələrimizin Pakistan İslam Respublikası ilə yaxın əlaqələri də təqdir edilməlidir. Pakistan istər Azərbaycanın, istərsə də Türkiyənin yaxın tərəfdaşı kimi özünü isbat etmiş dövlətlərdəndir.Türkiyə və Pakistan, coğrafi olaraq bir-birindən ayrı mövqedə yerləşsə də, ortaq din və mədəni irs üzərinə qurulan tarixi qardaşlıq bağları səbəbindən siyasət, iqtisadiyyat və müdafiə kimi bir çox sahədə yaxından əməkdaşlıq və iş birliyini davam etdirirlər.
Azərbaycanın 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdi və tarix yazdı. Bu tarixi zəfəri təmin edən çox mühüm amillərdən biri dost və tərəfdaş dövlətlərin ölkəmizə mənəvi-siyasi dəstəyi oldu. Bu sırada Türkiyə və Pakistan dövlətlərinin xüsusi yeri və müstəsna rolu ayrıca qeyd edilməlidir.
Pakistanla Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər zaman Azərbaycanın mövqeyindən çıxış edib, münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində çözümünə tərəfdar çıxıb, ölkəmizə birmənalı dəstəklərini nümayiş etdiriblər.
Ümumiyyətlə, ölkəmizlə dostluq və qardaşlıq münasibətlərinə malik olan hər iki güclü dövlətin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində mövqeyi hər zaman ədalətli və qətiyyətli olub.
Həm Türkiyə, həm də Pakistan istər 30 ilə yaxın davam edən işğal dövründə, istərsə İkinci Qarabağ savaşı zamanı, istərsə də postmünaqişə mərhələsində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və haqlı mövqeyinə prinsipial dəstək ifadə ediblər. Bu, Azərbaycan xalqı və dövləti tərəfindən olduqca yüksək qiymətləndirilir.
Tarixi Zəfərimizdən sonra bu birliyin, dostluğun möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlı xarakter daşıyır.
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə bildirib: “2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik”.
Bu görüşün Laçında keçirilməsi həm region, həm də dünya üçün böyük əhəmiyyətli bir mesajdır. Hər üç dövlətin liderlərinin iştirakı ilə keçirilən bu görüş dünyaya sülhün, dostluğun, qardaşlığın əyani nümunəsini göstərməkdədir. Bu formatda keçirilən ikinci zirvədir. Təbii ki, bu davamlı olacaq və Qafqazda, eyni zamanda Orta Asiyada təhlükəsizliyin davamlı olmasında təsirini göstərəcək.
Azərbaycan, Türkiyə və Pakistan bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir. Dünya siyasətinin müəyyənləşdirilməsində bu ölkələrin özünəməxsus yeri və rolu var. Bu 3 ölkə həm də bir-biri ilə sıx tellərlə bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir. Onlar arasında olan münasibətlər dünyaya nümunə və örnəkdir.
Prezident İlham Əliyev Laçın şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş konsertdən əvvəlki çıxışında bildirib: “Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
Ölkə başçısı qeyd edib: “Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Qələbə bizimlədir və həmişə bizimlə olacaq. Yaşasın Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı!”.
Nümayiş etdirilən Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi regional inkişafın yeni mərhələsində aparıcı güc mərkəzi kimi çıxış edir - bu güc mərkəzi isə öz növbəsində təhlükəsizlik, inkişaf və tərəfdaşlığın yüksəlməsinə töhfələr verir. Əminliklə söyləmək olar ki, ölkələrimiz bundan sonra da müxtəlif sahələrdə işbirliyini uğurla davam etdirməklə yeni tarixi nailiyyətlərin altına imza atacaqlar!
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə