Macarıstan Türk dünyası ilə Qərb bazarları arasında strateji körpüyə çevrilir
Xəbər verdiyimiz kimi, mayın 21-də Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Avropada ilk dəfə keçirilən qeyri-rəsmi Zirvə görüşü baş tutub.
SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı Macarıstandakı Dunay İnstitutunun tədqiqatçısı İbrahim Məmmədov qeyd edib ki, bu Zirvə görüşü Türk dünyası bazarının formalaşdığını və onun Avropa İttifaqı (Aİ) ilə daha dərin əməkdaşlığa hazır olduğunu açıq şəkildə nümayiş etdirir. Hazırda yeni bazarlar axtarışında olan Aİ üçün bu çox önəmlidir. Sammitin Budapeştdə keçirilməsi xüsusilə əhəmiyyətlidir, çünki Macarıstan getdikcə Türk dünyası ilə Qərb bazarları arasında strateji körpüyə çevrilir.
TDT-nin artan əhəmiyyətinə toxunan İbrahim Məmmədov əlavə edib: “Getdikcə çoxqütblü və bölünmüş hala gələn beynəlxalq nizamda TDT artan geosiyasi əhəmiyyətə malik əsas regional blok kimi ortaya çıxır. Rusiya, Çin və Avropa İttifaqı kimi əsas qlobal aktorlar arasında yerləşməsi bu təşkilatın regional sabitliyin qorunması, iqtisadi əməkdaşlığın təşviqi və türk dövlətlərinin beynəlxalq arenada kollektiv səsinin gücləndirilməsi baxımından rolunu daha da artırır. Budapeşt Bəyannaməsi və TDT-nin Əfqanıstana dair Birgə Bəyanatının qəbul edilməsi bu blokun artan əhəmiyyətini bir daha sübut edir. Azərbaycan, Qazaxıstan və Özbəkistan coğrafi mövqeləri və İpək Yolu regionu boyunca malik olduqları iqtisadi və siyasi potensialları baxımından “açar dövlətlər” kimi dəyərləndirilirlər. Türkiyə – tanınmış orta güc kimi, Qırğızıstan – regional nəqli əlaqələrin möhkəmləndirilməsindəki rolu ilə və Macarıstan – Dunay hövzəsi regionunun açar dövləti olaraq müşahidəçi statusunda bu birliyin dayaq sütunlarını təşkil edirlər və təşkilatın kollektiv gündəmini formalaşdıran başlıca aktorlardır. Bu dövlətlərin qəbul etdiyi strateji qərarlar İpək Yolu regionunun sabitliyi və inkişafı baxımından getdikcə daha mühüm əhəmiyyət kəsb edir”.
Budapeştdəki qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyətini vurğulayan İbrahim Məmmədov qeyd edib: “Budapeşt Bəyannaməsi TDT-yə üzv və müşahidəçi dövlətləri arasında əməkdaşlığın daha da institusional şəkildə dərinləşməsi üçün zəmin yaratdı. Bu, payızda Azərbaycanda keçiriləcək rəsmi Zirvə görüşü ərəfəsində mühüm addımdır. Həmin zirvə zamanı “Türk dövlətlərinin strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıq müqaviləsi”nin imzalanması gözlənilir. TDT-nin Budapeşt görüşündə üzv dövlətlər beynəlxalq platformalarda bir-birini dəstəkləmək öhdəliklərini bir daha təsdiqləyiblər və institusional əməkdaşlığı genişləndirərək, bu il Daşkənddə keçirilməsi planlaşdırılan TDT ölkələrinin İnvestisiya Təşviqi Agentliklərinin görüşünün təşkili üçün addımlar atıblar. Türk İnvestisiya Fondunun yaradılması və TDT Katibliyinin büdcəsinin artırılması isə birgə layihələr üçün maliyyə əməkdaşlığının möhkəmləndirilməsi baxımından ciddi irəliləyişdir. Bu hadisələr birlikdə Türk Dövlətləri Təşkilatının İpək Yolu regionu üzrə əsas əməkdaşlıq platformasına çevrilməsində mühüm təməl yaradır”.
Fikrini yekunlaşdıran İbrahim Məmmədov deyib: “Qeyd edilməlidir ki, TDT çərçivəsində qeyri-rəsmi sammit formatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Bu sammitlər İpək Yolu regionunda dəyişən geosiyasi dinamikanı əks etdirmək baxımından böyük əhəmiyyətə malikdir. Qeyri-rəsmi sammitlərin birincisi Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, şəhərin işğaldan azad edilməsindən qısa müddət sonra keçirilib. Həmin Zirvə görüşündə türk dövlətləri Azərbaycanın ərazi bütövlüyünün bərpasına birgə dəstəyini bir daha nümayiş etdiriblər. Qarabağın azad olunması regionda sabitliyin möhkəmlənməsi və davamlı sülhün və inkişafın təmin olunması baxımından dönüş nöqtəsi olub. Bu baxımdan, Macarıstanın Azərbaycana verdiyi dəstək xüsusilə diqqətəlayiqdir. Macarıstan Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləməklə yanaşı, həm də azad edilmiş ərazilərdə mina təmizlənməsi üçün 10.000 avro məbləğində maliyyə yardımı ayırıb və Qarabağda yerləşən Soltanlı kəndinin yenidən qurulmasında fəal şəkildə iştirak edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə