Ulu Öndər Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi yaşayacaq - FOTOLAR
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanan Ulu Öndər kimi yaşayır və yaşayacaq. SİA xəbər verir ki, bu fikir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə mayın 10-da Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib.
Şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısındakı abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra tədbir iştirakçıları Mərkəzin foyesində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sərgi ilə tanış olublar.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli Liderə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, YAP rayon təşkilatının sədri Daşqın Mikayılov və YAP veteranı Kamil Məmmədov çıxış edərək, Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs ediblər. Çıxışlarda bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı xidmətləri misilsizdir. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə gələn Ulu Öndərin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası Azərbaycanı məhv olmaq təhlükəsindən qurtarıb və gələcəyə inamla baxan güclü bir dövlətə çevirib.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində indi Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Qalib və nüfuzlu dövlət kimi öz sözünü deyən Azərbaycan beynəlxalq arenada yeni zirvələrə doğru mətin addımlarla irəliləyir.
Vurğulanıb ki, Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini və ərazi bütövlüyünü qorumağa qadir olduğunu 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində şanlı Zəfər qazanmaqla sübuta yetirib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.
Çıxışlardan sonra Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar təşkil edilmiş “Ən yaxşı təqdimat” respublika müsabiqəsində ikinci yeri tutmuş Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Fatimə Nəsibovaya tədrisdə əldə etdiyi nailiyyətlərə görə Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyə təqdim edilib.
Tədbir Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə