Ağstafada Ulu Öndərin xatirəsi silsilə tədbirlərlə qeyd olunub - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Ağstafada silsilə tədbirlərlə qeyd olunub. SİA xəbər verir ki, əvvəlcə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb. Mərkəzin qarşısında Ümummilli Liderin xatirəsinə həsr olunmuş kitab və rəsm sərgiləri təşkil olunub, rayonun məktəbəqədər təhsil müəssisələrinin uşaqlarının təqdimatında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Mərkəzin böyük zalında “Konstitusiyamızın yaranmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən ümumrayon tədbirində məsul şəxslər, şəhid ailələrinin üzvləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik irsinin Azərbaycan tarixinin bütöv bir mərhələsini əhatə etdiyi diqqətə çatdırılıb. Tədbirin bədii hissəsində mədəniyyət və incəsənət nümayəndələrinin, müəllim və şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, xalq mahnıları və tarixi Zəfərə həsr olunmuş milli rəqslər ifa olunub.

Bu il də Ağstafada Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş ənənəvi veloyürüşə qoşulan ağstafalı yeniyetmə və gənclər yüksək fəallıq nümayiş etdiriblər. Ağstafa şəhərinin Hüseyn Arif, Rafiq Alıcanov küçələri, Heydər Əliyev prospekti marşrutu üzrə keçirilən ənənəvi veloyürüşdə ilk yerləri tutan velosipedçilər təltif olunublar. Ağstafa rayonunun 12 bələdiyyə komandası arasında keçirilən minifutbol üzrə xatirə turnirinin final oyunu keçirilib, qaliblər mükafatlandırılıblar. Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin ərazisində təşkil edilən fləşmobda şagirdlər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü ifadə edən “102” yazısını və ölkəmizin suverenliyini təcəssüm etdirən Azərbaycan xəritəsini nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə