"Biz Çin-Azərbaycan münasibətlərinə 3 istiqamət üzrə baxa bilərik" - ŞƏRH EDİLDİ
"Biz Çin-Azərbaycan münasibətlərinə 3 istiqamət üzrə baxa bilərik. Birinci istiqamət ondan ibarətdir ki, siyasi nöqteyi-nəzərdən Azərbaycan-Çin arasında 2024-cü ilin iyul ayından etibarən strateji tərəfdaşlığa aid bəyannamə imzalanıb. Bununla da Azərbaycan və Çin arasındakı münasibətlər strateji zəminə çatıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
Onun sözlərinə görə, ikinci bir istiqamət Çin və Azərbaycan arasındakı iqtisadi münasibətlər və iqtisadi tərəfdaşlıqdır: "Məlumdur ki, Çin iqtisadi imkanlarına görə dünya iqtisadiyyatına liderlik edən ölkələrdəndir. Geniş iqtisadi potensiala malikdir. Dünyaya texnologiya ixrac edir. Bu baxımdan Azərbaycanla Çinin arasında əlavə iqtisadi münasibətlər, iqtisadi tərəfdaşlıqla bağlı bağlanan sazişlər olduqca əhəmiyyətlidir. Üçüncü istiqamət isə nəqliyyat və kommunikasiya xətləridir. Bu nöqteyi-nəzərdən Azərbaycan və Çin əməkdaşlıq edir və bu sahə üzrə iki ölkə əlaqələrini inkişaf etdirir. Bu gün Azərbaycan Avropa üçün Orta Asiyaya açılan bir qapı, Çin üçün isə Azərbaycan Avropaya gedən yoldur. Bu baxımdan bu istiqamətdə görülən işlər olduqca əhəmiyyətlidir.
Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsi dünyada olan iqtisadi və ticari vəziyyəti, əlaqələri iflic edib və bu istiqamət üzrə yollar sıradan çıxıb. Bu baxımdan Azərbaycan və Azərbaycandan keçən kommunikasiya xətlərinin əhəmiyyəti olduqca artır. Çünki Çin və Avropa kimi böyük güclər, yeni nəqliyyat yollarının axtarışındadırlar. Bu da ən böyük alternativ Azərbaycan üzərindən keçən yoldur. Bu baxımdan Azərbaycanın əhəmiyyəti olduqca artır. Burada Çin Azərbaycan münasibətlərində ən vacib faktorlardan biri də qeyd etdiyim kimi Azərbaycanın dövlət olaraq həyata keçirdiyi siyasət və imkanlarıdır. Azərbaycanın imkanları üzərindən bu gün həm Çin, Orta Asiya və digər qonşuların Azərbaycanla əməkdaşlıqa maraqlı olduğunu, ölkəmizlə münasibətlərin inkişafına meyilli olduğunu müşahidə edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə