Azərbaycan-Çin münasibətlərinin inkişafı qlobal iqtisadiyyata töhfə verəcək

Azərbaycan və Çin arasındakı münasibətlər 2024-cü ildə Astanada qəbul olunmuş Strateji tərəfdaşlığa dair Birgə Bəyannamədən sonra yeni mərhələyə qədəm qoyub. Hazırda iki ölkə arasında iqtisadi əməkdaşlığın səviyyəsi əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş potensialın mövcudluğunu göstərir. Prezident İlham Əliyevin aprelin 22-də Çin Xalq Respublikasına səfəri də münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda möhkəmləndiyini təsdiqləyir. Çinlə əməkdaşlığın genişlənməsi yalnız iqtisadi və diplomatik deyil, həm də regional sülhə, təhlükəsizliyə və inkişafa xidmət edir.

SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Tahir Mirkişili deyib. O bildirib ki, hazırda Azərbaycanın xarici ticarət dövriyyəsində Çin 4-cü, idxalda isə 1-ci yerdə qərarlaşıb. “19 trilyon dollarlıq iqtisadi gücə malik bir ölkə ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycanın iqtisadi siyasətinin əsas istiqamətlərindən biri Orta Dəhlizin inkişafına yönəlib. Bu dəhliz Şərq-Qərb nəqliyyat axınının mühüm hissəsini təşkil edir və ölkəmiz tərəfdaşlarının etimadını qazanıb”.

Tahir Mirkişili vurğulayıb ki, Çin Azərbaycanın suverenliyinə hörmətlə yanaşır və “Bir kəmər, bir yol” təşəbbüsündə ölkəmizin fəal iştirakına böyük önəm verir. Bu təşəbbüs çərçivəsində nəqliyyat imkanlarının genişləndirilməsi təkcə Çin məhsullarının Azərbaycana idxalını deyil, eyni zamanda, yerli məhsulların Çin bazarına çıxışını asanlaşdırır. O bildirib: “Azərbaycan iqtisadiyyatına Çin investisiyalarının artdığını müşahidə edirik. Regionda baş verən münaqişələr fonunda ölkəmizdəki sabitlik və əlverişli iqtisadi mühit Azərbaycana investorların marağını artırır. Rusiya ərazisində və Qırmızı dənizdəki hərbi gərginliklər Orta Dəhlizə olan tələbatı daha da artırıb. Ümumilikdə 10-a yaxın ölkənin ərazisindən keçən bu dəhliz iştirakçı ölkələri əməkdaşlığa sövq edir və onları iqtisadi tərəfdaş halına gətirir. Bu layihənin açar ölkəsi, şübhəsiz ki, Azərbaycandır. Prezident İlham Əliyevin “Sinxua” agentliyinə verdiyi müsahibəsində də qeyd edildiyi kimi, 2024-cü ildə Azərbaycan-Çin əmtəə dövriyyəsinin həcmi 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb”.

Tahir Mirkişili Azərbaycanın infrastrukturunun sürətlə inkişafı sayəsində son bir ildə Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcminin nəzərəçarpacaq dərəcədə artdığını vurğulayıb. “Orta Dəhliz yalnız regional deyil, həm də qlobal əhəmiyyətli bir layihədir. Çin və Avropa İttifaqı arasında ticarət dövriyyəsi 800 milyard dollara yaxınlaşır. Bu, fonda ölkələrarası ticarətin genişlənməsi, nəqliyyat imkanlarının inkişafından birbaşa asılıdır. Bu baxımdan, Azərbaycan-Çin münasibətlərinin inkişafı qlobal iqtisadi artıma mühüm töhfə verəcək. Hazırda ölkələrimiz arasında qeyri-neft sektorunda, xüsusilə yüksək texnologiyalar, innovasiyalar, alternativ və bərpaolunan enerji sahələrinə yönəlmiş birbaşa investisiyaların cəlbi ilə bağlı danışıqlar aparılır. Azərbaycanın “Bir kəmər, bir yol” layihəsindəki rolu isə strateji xarakter daşıyır. Bu mövqe Çin tərəfindən yüksək qiymətləndirilir. 2500 il əvvəl qədim İpək Yolu vasitəsilə başlayan ticari və mədəni əlaqələr bu gün də müasir dövrün tələblərinə uyğun davam etdirilir. Ən önəmlisi, iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün hər iki liderin siyasi iradəsi mövcuddur. Xatırladım ki, 2019-cu ildə Pekində keçirilmiş 2-ci “Bir kəmər, bir yol” forumunda Cənubi Qafqazdan yalnız Prezident İlham Əliyev iştirak etmişdi. Çin lideri Si Cinpinin bu təşəbbüs çərçivəsində Azərbaycana verdiyi yüksək dəyər, eyni zamanda, dövlətimizin başçısına göstərilən böyük etimadın göstəricisidir. Ölkələrimiz arasında coğrafi məsafə uzaq olsa da, mövcud olan sıx əlaqələr və güclü əməkdaşlıq bizi bir-birimizə yaxınlaşdırır. Düşünürəm ki, Çin kimi böyük iqtisadi potensiala malik bir ölkə ilə əlaqələrin genişləndirilməsi Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin bariz nümunəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə