Türkiyənin İğdır vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Aralıq rayonunu ziyarət edərək rayon administrasiyasının rəhbəri Məhəmməd Fatih Aydınla görüşüblər. SİA xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədr müavini Serdar Ünsal iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlmiş diaspor layihələri barədə Aydına məlumat verib.
Görüşdə tarixi yaddaşın qorunmasının əhəmiyyəti, o cümlədən bölgədə ermənilərin törətdiyi cinayətlərin unudulmaması xüsusi olaraq qeyd olunub.
S.Ünsal Aralıq rayon rəhbərinə Qərbi Azərbaycanda tarixi torpaqlarından qovulmuş azərbaycanlıların taleyinə həsr olunmuş “Ürəyim İrəvanda qaldı” adlı kitabını təqdim edib.
“Tarixin bu səhifələrini unutmaq olmaz, bu həqiqətləri gənc nəsillərə çatdırmaq lazımdır. Yalnız bu şəkildə yeni faciələrin qarşısını ala, gələcəyə inamla baxa bilərik”, – deyə TADDEF sədr müavini bildirib.
Aralıq rayonunun rəhbəri S. Ünsalın fikirlərini dəstəklədiyini bildirib və Türkiyə ilə Azərbaycanın qırılmaz bağlarının və həmrəyliyinin əhəmiyyətini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə