Azərbaycan və Türkiyə HDQ arasında protokol imzalanıb

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərliyi ilə “Azərbaycan–Türkiyə HDQ arasında 10-cu Qərargah danışıqları”nda iştirak məqsədilə Ankara şəhərinə səfər edib.

SİA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfərin əvvəlində nümayəndə heyəti Ankara şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət edərək Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyub, onun əziz xatirəsini dərin ehtiramla yad edib. Daha sonra nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Səfər çərçivəsində iki qardaş ölkənin HDQ arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif sahələr üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Toplantının yekununda Azərbaycan və Türkiyə HDQ arasında əməkdaşlığın inkişafına dair birgə razılaşmanı əks etdirən protokol imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə