Azərbaycan Yeni Zelandiya ilə vergi inzibatçılığı üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan və Yeni Zelandiya arasında vergi inzibatçılığı sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurumun rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Yeni Zelandiyanın Daxili Gəlirlər İdarəsinin komissarı və baş icraçı direktoru Piter Mersi ilə onlayn formatda görüş keçirib.

Görüşdə IOTA və təşkilatın gördüyü tədbirlər barədə məlumat verilib, Yeni Zelandiyanın adıçəkilən qurumla əməkdaşlıq perspektivləri müzakirə edilib. Daha sonra vergi orqanlarının qarşısında duran çağırışlar və yeniliklər, birgə fəaliyyətin prioritet istiqamətləri, qarşılıqlı əlaqələrin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın təşviqi barədə müzakirələr aparılıb. Tərəflər iki ölkə arasında vergi inzibatçılığı sahəsində əməkdaşlıq perspektivləri və mövcud potensialın reallaşdırılması barədə fikirlərini bölüşüblər.

Görüşün davamında vergi sahəsində həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparılıb, rəqəmsal texnologiyaların tətbiqi və beynəlxalq vergi məlumatlarının mübadiləsinin əhəmiyyəti vurğulanıb. Əlavə olaraq prioritet sahələr üzrə əməkdaşlığın intensivləşdirilməsi və təcrübə mübadiləsinin təşkili imkanları dəyərləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə