Azərbaycanın görkəmli alimi, akademik Zərifə Əziz qızı Əliyeva XX əsr oftalmologiya elminin inkişafında mühüm rol oynamış, tibb sahəsindəki fəaliyyəti ilə yalnız elmi deyil, həm də ictimai əhəmiyyət daşıyan nəticələr əldə etmişdir. Onun tədqiqatları xüsusilə infeksion göz xəstəlikləri, o cümlədən traxomanın diaqnostikası, profilaktikası və müalicəsi sahəsində əldə etdiyi uğurlar tibb elminə əhəmiyyətli töhfələr vermişdir. Zərifə xanımın apardığı elmi və praktik işlər nəticəsində bu xəstəlik Azərbaycanda effektiv şəkildə nəzarət altına alınmış və geniş yayılmasının qarşısı alınmışdır. Elmi biliyini və insani dəyərləri birləşdirərək ölkəmizin səhiyyə sisteminə sanballı dəyərlər qatan Zərifə Əliyeva, eyni zamanda kimsəsiz və sosial cəhətdən həssas əhali qruplarına göstərdiyi xüsusi qayğı ilə də yadda qalmışdır. Onun həyatı və fəaliyyəti, tibb elminin inkişafında alimlərin sosial məsuliyyətinin nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləyir.
1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olan Zərifə Əliyeva, hələ gənc yaşlarından elmə və insanlara xidmətə böyük maraq göstərmiş, bu marağını ömrünün sonuna qədər yüksək peşəkarlıq və fədakarlıqla davam etdirmişdir.
1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirən Zərifə xanım, elmi fəaliyyətinə 1949-cu ildən etibarən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda başlamış, 1950-ci ildə isə aspiranturaya daxil olaraq akademik tədqiqatlarını davam etdirmişdir. Onun elmi maraqları daha çox sosial əhəmiyyətli oftalmoloji xəstəliklərin, xüsusilə də o dövrdə ölkəmiz üçün böyük problemə çevrilmiş traxomanın araşdırılmasına yönəlmişdir. Məhz bu xəstəliyə qarşı apardığı kompleks müalicəvi-profilaktik tədbirlər və sintez olunmuş yeni müalicə üsulları nəticəsində Zərifə Əliyeva nəinki ölkə daxilində, həm də sovet elmi məkanında tanınmağa başlamışdır.
Zərifə xanımın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası bu sahədə elmi və praktik baxımdan mühüm yenilik hesab olunmuş və onun müəllifi kimi alimə geniş elmi nüfuz qazandırmışdır. Qeyd olunmalıdır ki, həmin dövrdə traxoma yalnız tibb elmi üçün deyil, bütövlükdə ictimai səhiyyə və sosial rifah üçün təhlükə mənbəyi idi. Zərifə Əliyevanın xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə uşaq evlərində, internat məktəblərində və ucqar bölgələrdə apardığı maarifləndirici işlər, həmçinin yerli səhiyyə işçilərinin ixtisas səviyyəsinin artırılması yönündəki fəaliyyəti onun genişmiqyaslı ictimai missiyasının tərkib hissəsi olmuşdur.
1967-ci ildə Zərifə Əziz qızı Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Bu institut həm də onun atası – respublikanın tanınmış dövlət xadimi və professoru Əziz Məmmədkərim oğlu Əliyevin adını daşıması ilə alimin həyatında xüsusi mənəvi dəyərə malik olmuşdur.
Zərifə xanım institutda çalışdığı illərdə yalnız elmi-pedaqoji fəaliyyətlə deyil, eyni zamanda yüksək səviyyəli klinik praktikayla da məşğul olmuşdur. O, mürəkkəb cərrahiyə əməliyyatları aparmış, həkimlərə klinik konsultasiyalar vermiş, oftalmoloji yardımın keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir.
Traxoma ilə bağlı uğurlu elmi nəticələr əldə edən Zərifə xanım oftalmologiyanın digər aktual problemlərini də diqqət mərkəzində saxlamışdır. Bunlardan biri qlaukoma xəstəliyinin patogenezi və müalicə üsulları olmuşdur. Onun bu sahədə apardığı tədqiqatlar, elmi məqalələr və metodik göstərişlər klinik praktikada geniş tətbiq edilmiş və həkim-oftalmoloqların bilik səviyyəsinin yüksəlməsinə mühüm töhfə vermişdir.
Zərifə Əliyevanın elmi maraqları oftalmologiyanın geniş sahələrini əhatə edirdi. O, görmə orqanının iltihabi prosesləri, diaqnostik metodların təkmilləşdirilməsi, qlaukomanın erkən aşkarlanması və effektiv müalicəsi istiqamətində mühüm nəticələrə imza atmışdır. Xüsusilə görmə orqanının peşə patologiyası ilə bağlı apardığı işlər sənaye inkişafı fonunda aktual bir elm sahəsi kimi böyük əhəmiyyət daşıyırdı.
Zərifə xanım Əliyevanın uzunmüddətli müşahidələri, klinik təcrübələri və təcrübi tədqiqatları nəticəsində ərsəyə gətirdiyi “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusundakı doktorluq dissertasiyası bu sahədə ilk fundamental tədqiqatlardan biri kimi qiymətləndirilmişdir. O, bu dissertasiyanı dünyanın aparıcı oftalmologiya elmi müəssisələrindən biri olan H. Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmiş və 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Doktorluq dissertasiyasını uğurla müdafiə etdikdən sonra Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru və 1983-cü ildən isə kafedra müdiri seçilmişdir. Onun rəhbərliyi dövründə kafedranın elmi-pedaqoji fəaliyyəti genişlənmiş, oftalmoloji təhsil sistemində yeni metodik yanaşmalar tətbiq olunmuşdur. Alim, yüzlərlə oftalmoloqa ixtisasartırma kurslarında dərs demiş, bu sahənin elmi-nəzəri bazasının formalaşmasına ciddi töhfə vermişdir.
Zərifə xanımın elmi maraqları yalnız peşə patologiyası ilə məhdudlaşmamışdır. O, görmə orqanının virus mənşəli zədələnmələri – xüsusilə herpetik göz xəstəlikləri və ağır virus konyuktivitləri üzrə dərin elmi araşdırmalar aparmışdır. Bu tədqiqatların nəticələri oftalmoloji praktikanın diaqnostika və müalicə səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynamış, müvafiq dərs vəsaitləri və təlim materiallarında öz əksini tapmışdır.
Zərifə Əliyeva yalnız Azərbaycan oftalmologiyasının deyil, ümumilikdə tibbi elmin inkişafında mühüm rol oynamış nadir alimlərdən biridir. Onun elmi irsinin əsas dayaqlarını təşkil edən əsərləri tədqiqat dərinliyi və praktiki əhəmiyyəti ilə seçilir. “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” adlı monoqrafiyaları görmə orqanının sənaye və istehsalat şəraitində zədələnmə mexanizmlərini araşdırmaqla, peşə patologiyası sahəsində yeni elmi üfüqlər açmışdır.
Alimin diqqət yetirdiyi digər vacib istiqamətlərdən biri də görmə orqanında bədxassəli şişlərin erkən diaqnostikası və müalicəsi olmuşdur. O, dakriologiya – gözyaşı yollarının fiziologiyası və patologiyası üzrə də önəmli araşdırmalara imza atmışdır. “Göz sulanmasının fiziologiyası” və “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” adlı əsərləri həm oftalmoloqlar, həm də fizioloqlar tərəfindən yüksək qiymətləndirilmişdir. Zərifə Əliyevanın həmmüəllifi olduğu fundamental “Terapevtik oftalmologiya” dərsliyi bu gün də tibb sahəsində çalışanlar üçün əsas elmi mənbələrdən biridir.
Zərifə xanımın elmi yaradıcılığı 150-yə yaxın elmi əsəri, 12 monoqrafiyanı, bir neçə dərs vəsaiti və dərsliyi, 1 ixtira və 12 səmərələşdirici təklifi əhatə edir.
1981-ci ildə Zərifə Əliyeva oftalmologiya sahəsində apardığı elmi tədqiqatlara görə SSRİ Tibb Elmləri Akademiyasının ən yüksək mükafatlarından biri olan akademik M.İ.Averbax adına mükafata layiq görülmüşdür.
Zərifə xanım təkcə elmi tədqiqatçı deyil, həm də pedaqoq, maarifçi və əxlaqi-ictimai dəyərlərin daşıyıcısı idi. “Yüksək etimad” kitabı onun həkim peşəsinə, insanlara xidmətə verdiyi mənəvi dəyərin təzahürüdür. Bu əsər cəmiyyət qarşısında həkimin məsuliyyətindən, onun şəxsi keyfiyyətlərinin peşəkar fəaliyyətə təsirindən bəhs edir. Gənc tibb işçilərinin mariflənməsi və peşəkar yönləndirilməsi sahəsində bu kitab illərlə bələdçi rolunu oynamışdır.
Zərifə Əliyeva ölkədə oftalmologiya sahəsində elmi-pedaqoji məktəbin banilərindən biri kimi tanınır. Onun rəhbərliyi və himayəsi altında çoxsaylı elmi işlər müdafiə olunmuş, onlarla doktorant və gənc həkim-oftalmoloq yetişmişdir. Hər bir tələbəsinə fərdi yanaşma, peşəkar qayğı və insani münasibət onun pedaqoji fəaliyyətində daim üstünlük təşkil etmişdir. Zərifə Əliyevanın elmi məktəbi bu gün də oftalmologiyanın inkişafına xidmət edir.
1983-cü ildə Zərifə Əliyeva elmi fəaliyyətlərinə görə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Bu, yalnız onun fərdi nailiyyəti deyil, həm də Azərbaycan qadınının elm sahəsində yüksək intellektual potensialının rəmzi idi.
Xalq yazıçısı Elmira Axundovanın yazdığı “Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” kitabında qeyd olunur ki, Zərifə xanım heç zaman ictimai və elmi fəaliyyətini ailə həyatından üstün tutmamışdır. O, qadın və ana kimi vəzifələrini elmi karyerası ilə paralel şəkildə vəhdət içində yaşamağı bacarmışdır.
Görkəmli alim, tanınmış oftalmoloq və Azərbaycan elminin parlaq simalarından biri olan akademik Zərifə Əziz qızı Əliyeva ömrünün 62-ci baharında – 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmişdir. Dərin elmi irsi, insani keyfiyyətləri və vətəndaşlıq mövqeyi ilə xalqın yaddaşına əbədi həkk olunan bu böyük şəxsiyyətin məzarı 1994-cü ildə Bakıya – Fəxri Xiyabana köçürülmüş, elə buradaca, Azərbaycanın dəyərli ziyalıları sırasına əbədi qovuşmuşdur.
2023-cü il akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi idi. Bu əlamətdar tarix münasibətilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, ölkədə genişmiqyaslı tədbirlər təşkil olunmuşdur. Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası bu yubiley çərçivəsində elmi konfranslar, anım mərasimləri və müxtəlif formatlı tədbirlər vasitəsilə Zərifə xanımın zəngin elmi irsini yenidən gündəmə gətirmiş, onun gənc nəsillər üçün örnək həyatını geniş auditoriyaya tanıtmışdır..
Ulu Öndər Heydər Əliyev Zərifə xanımı insanlara sevgisi, mərhəməti, xeyirxahlığı və elmə olan bağlılığı ilə seçilən, öz dövründə əfsanəyə çevrilmiş nadir qadın kimi dəyərləndirmişdir. O, həm görkəmli alim, həm qayğıkeş ana, sədaqətli həyat yoldaşı, həm də ziyalı Azərbaycan xanımının parlaq simvolu olmuşdur. Heydər Əliyev ailə həyatında qazandığı uğurlarda Zərifə xanımın yaratdığı mənəvi mühitin əvəzsiz rolunu xüsusi vurğulamış, onun insan və vətəndaş kimi nümunəvi mövqeyini yüksək qiymətləndirmişdir.
Prezident İlham Əliyev isə anası Zərifə xanımın uşaqlıq illərinin, həyat fəlsəfəsinin və ailə dəyərlərinin onun şəxsiyyətinin formalaşmasında əsas rol oynadığını bildirmişdir. O, Zərifə xanımın ölümlə üz-üzə qalanda belə məğrur və təmkinli göründüyünü, övladlarına və insanlara olan sevgisini son ana qədər nümayiş etdirdiyini qeyd etmişdir. İlham Əliyev Zərifə xanımı əsl alim, xeyirxah insan və sadiq ana kimi dəyərləndirmişdir.
Zərifə xanım Əliyeva təkcə bir alim, bir həkim, bir müəllim və bir ictimai xadim deyil, həm də Azərbaycan qadınının mənəvi gücünün, ziyalılığının və insanpərvərliyinin timsalıdır. O, ömrünün hər anını həmvətənlərinin sağlamlığına, tibb elminin inkişafına, savadlı tələbələrin yetişməsinə və ailəsinə həsr etmişdi. Əldə etdiyi elmi nailiyyətlər, yazdığı monoqrafiyalar, yetişdirdiyi kadrlar, qazandığı beynəlxalq nüfuz və aldığı yüksək mükafatlar onun peşəsinə və vətəninə necə ürəklə bağlı olduğunun parlaq göstəricisidir.
Eyni zamanda o, ailədə mehriban və fədakar bir ana, sədaqətli bir həyat yoldaşı idi. Həyat yoldaşı Heydər Əliyevin dediyi kimi, “Zərifə xanım həyatımda əvəzsiz rol oynamış, mənəvi mühiti ilə məni xoşbəxt etmiş bir insandır.”
Zərifə xanım Əliyevanın ömür yolu və fəaliyyəti yalnız oftalmologiya sahəsində deyil, Azərbaycanda elmin, təbabətin və qadın ziyalılığının inkişaf tarixində də əbədi iz qoymuşdur. Onun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması isə bu böyük alimə olan ehtiramın canlı təcəssümüdür. Zərifə xanımın həyat yolu, elmi fəaliyyəti və yüksək mənəvi keyfiyyətləri gələcək nəsillər üçün örnək təşkil edir. 15 aprel – Zərifə Əliyevanın anım günü bizi yalnız onun xatirəsini yad etməyə deyil, həm də elmə, insana və vətənə sədaqət ruhunu yaşatmağa çağırır. Onun işığı heç zaman sönməyəcək və yaddaşlarda, elmi irsimizdə daim yaşayacaqdır.
Ziyafət ƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə