Sumqayıt deputatları Peşə məktəbində oldular

Bu gün Milli Məclisə Sumqayıt şəhərindən seçilən deputatlar Mehriban Vəliyeva və Tahir Mirkişili İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində oldular. İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini Aqil Əzizov və Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov deputatlara Peşə Təhsil Mərkəzinin fəaliyyəti və gələcək planlar haqqında ətraflı məlumat verdilər. Daha sonra qonaqları məktəbin tədris prosesi, maddi-texniki bazası, təlim laboratoriyaları, innovativ imkanları ilə tanış etdilər.

Agentliyin sədr müavini Aqil Əzizov qeyd etdi ki,peşə təhsilinin inkişafında innovativ yanaşmaların əhəmiyyəti olduqca böyükdür: "Bu təhsil ocağı ölkəmiz üçün yüksək ixtisaslı kadrlar yetişdirilməsinə mühüm töhfə verəcəkdir. Müasir avadanlıqlarla təchiz olunmuş emalatxanalar və praktik dərs otaqları peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir”.

Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov bildirdi ki, Peşə Təhsil Mərkəzi müasir əmək bazarının tələblərinə uyğun olaraq peşəkar kadrların hazırlanmasına xidmət edir: "Burada tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar əldə etmələri üçün geniş imkanlar yaradılıb. Tədris prosesində müasir texnologiyalardan və innovativ tədris üsullarından istifadə olunur ki, bu da məzunların gələcək karyera yollarında uğur qazanmasına mühüm töhfə verir”.

Deputat Mehriban Vəliyeva çıxış edərək qeyd edib ki, peşə təhsilinin inkişafı ölkəmizin iqtisadi inkişafı və insan kapitalının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: "Hazırda dövlətimiz bu sahəyə xüsusi diqqət ayırır və innovativ yanaşmaların tətbiqi ilə peşə təhsilini daha da cəlbedici və effektiv hala gətirir. Bu gün burada gördüklərimiz onu deməyə əsas verir ki, dövlətimizin həyata keçirdiyi islahatlar real nəticələr verir və gənclərin peşə təhsilinə marağı artmaqdadır.” Deputat Tahir Mirkişili isə çıxış edərək bildirib ki, bu cür təhsil müəssisələri ölkəmizdə texniki ixtisaslar üzrə yüksəkixtisaslı mütəxəssislər yetişdirilməsinə mühüm töhfə verir: "Peşə təhsili sahəsində aparılan islahatlar və müasir texnologiyaların tətbiqi gənclərimizə yüksək bilik və bacarıqlara yiyələnmək imkanı yaradır. Sumqayıtda yerləşən İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən müasir standartlara uyğun Peşə Təhsil Mərkəzinin fəaliyyəti bunun bariz nümunəsidir”.

Sonda deputatlar Mərkəzdə təhsil alan bir qrup tələbə ilə görüşüb, onlarla fikir mübadiləsi aparıblar. Tələbələr təhsil aldıqları mühit və onlara yaradılan imkanlardan razı olduqlarını bildirdilər. Tələbələrin müxtəlif suallarını cavablandıran deputatlar onlara uğurlar arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə