Azərbaycan bütün sahələrdə böyük zəfərlərə imza atır və uğurların bundan sonra da davam etdiriləcəyi şübhəsizdir. Çünki bu siyasətin təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub və hazırda əsası qoyulan siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən müdrikliklə davam etdirilir. Ulu Öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" kəlamı üzərində qurulan siyasət nəticəsində ötən 21 il ərzində misilsiz uğurlara imza atılıb. Birmənalı şəkildə qeyd etmək olar ki, sosial-iqtisadi nailiyyətlərin davamlı və möhkəm olmasının əsasını "Əsrin müqaviləsi" təşkil edir. Müqavilə 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. "Əsrin müqaviləsi" Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. "Əsrin müqaviləsi"nin imzalanması mərasimdə Ulu Öndərimiz Heydər Əliyevin tarixi çıxışında demişdir: "Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır".
Bəli, Dahi Öndərimizin dediyi önəmli fikirlər reallığa çevrildi. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirildi. TAP layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Həmçinin "Əsrin müqaviləsi" 2050-ci ilə qədər uzadılıb. Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.
Azərbaycan qələbələrin mərkəzinə çevrilib
Görülən fundamental işlər fonunda əldə olunan uğurlar bir daha təsdiq edir ki, Azərbaycan xalqı 2003-cü il prezident seçkilərində Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsi üçün Cənab İlham Əliyevin Prezident seçilməsinə səs verməklə müdrik qərar verib. Ümumilikdə ötən illər ərzində ölkədə aparılan düzgün və əsaslı sosial iqtisadi siyasətin uğurlarına nəzər saldıqda ortaya çox böyük uğurlu nəticələr çıxır. Məlum olur ki, ötən illər ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 4 dəfə artıb;
- Dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur;
- Ötən illər ərzində ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb.
- 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77.4 manatdan 839,4 manata yüksəlib;
- Qeyri-neft-qaz ÜDM-i 4,1 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına çatıb;
- Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib;
- İxracın həcmi 2,2 milyard ABŞ dollarından 38,1 milyard ABŞ dollarına çatıb;
- Qeyri-neft ixracı 0,26 milyard ABŞ dollarından 3,05 milyard ABŞ dollarına yüksəlib;
-2003-2022-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı 2,2 dəfə, nəqliyyat sektoru 4,9 dəfə, turizm və ictimai iaşə 18,9 dəfə, informasiya və rabitə sahəsi isə 23 dəfə artıb;
-Xarici ticarətin profisiti 0,5 milyard ABŞ dollarından 23,6 milyard ABŞ dollarınadək artıb;
-Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir;
-Strateji valyuta ehtiyatları 1,4 milyard ABŞ dollarından 66,1 milyard ABŞ dollarına yüksəlib;
-İqtisadiyyata yönəldilən investisiyalar 2,8 milyard ABŞ dollarından 17,1 milyard ABŞ dollara qədər yüksəlib. 2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib;
-Sənayedə məhsul istehsalının həcmi 4,0 milyard manatdan 86,4 milyard manata qədər yüksəlib;
-Sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 54,9 faizdən 87,6 faizə qədər yüksəlib;
-Dövlət tərəfindən həyata keçirilən dəstək tədbirləri nəticəsində 2003-2022-ci illər ərzində iqtisadi artımın əlavə hərəkətverici qüvvəsi olan qeyr-neft-qaz sənayesində yaradılmış əlavə dəyər real olaraq 4,7 dəfə artıb;
-Ötən müddət ərzində məhsul buraxılışının nominal həcmi 13,5 dəfə böyüyüb, əhalinin gəlirləri 10,5 dəfə artıb;
- Dövlət Proqramları əsasında regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir;
- Ölkəmizin 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər aparılır;
- Ötən müddət ərzində əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 450-dən çox uşaq bağçası, 760-a yaxın tibb müəssisəsi, 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi tikilib;
- Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 12 milyard manatdan artıq vəsait ayrılmışdır;
- Sahibkarlıq subyektlərin sayı 180 mindən 1,5 milyona qədər artıb;
- Ötən müddət ərzində 23 mindən artıq kiçik müəssisə və obyekt özəl mülkiyyətə keçib;
Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyev 2003-cü ildən sonra Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticəsində əldə olunan nailiyyətlər barədə yerli televiziya kanallarına verdiyi müsahibəsində bildirir ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi: "Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. O vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi".
Böyük qələbələrin əsasını torpaqlarımızın işğaldan azad edilməsi təşkil edir
Təbii ki, ölkəmizdə qazanılan uğurların, əldə olunan nailiyyətlərin yüksək nöqtəsi 30 il erməni işğalı altında olmuş torpaqlarımızın 44 günlük Vətən Müharibəsi ilə azad edilməsidir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün çəkən Vətən Müharibəsi ilə Azərbaycan Ermənistanın silahlı qüvvələrini məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi, torpaqlarımız tam şəkildə azad edildi. Bununla da Müzəffər Ali Baş Komandanımız və rəşadətli ordumuz böyük qələbəni Azərbaycan xalqına bəxş etdi. Torpaqlarımızın azadlığa qovuşmasının ardınca Azərbaycan Qarabağda antiterror əməliyyatları həyata keçirməklə Xankəndidə və ətraf ərazilərdə kök salan terrorçuları və onların rəhbərlərini zərərsizləşdirdi. Möhtəşəm qələbənin qazanılması ilə Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaratdı. Bu gün işğaldan azad edilən ərazilərimizdə geniş quruculuq, bərpa, tikinti işləri həyata keçirilir. İnsanlar yenidən qurulan doğma yurdlarına qayıdırlar. İndiyədək işğaldan azad olunmuş ərazilərdə 8517 nəfərin (2228 ailə) daimi məskunlaşması təmin edilib. 2022-ci ilin 19 iyul tarixindən başlayan köç karvanı ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə yola düşüb. İlk köç karvanı 53 nəfərdən (10 ailə) ibarət olub və onlar müharibənin bitməsindən cəmi 1 il 8 ay sonra (616 gün) öz doğma torpaqlarına yenidən daimi yaşamaq üçün qayıdıblar. Azad olunmuş ərazilərdə tikinti və yenidənqurma işlərinin sürətlə davam etməsinin nəticəsidir ki, 2024-cü ilin III rübündə daha 755 nəfər (231 ailə) öz doğma torpaqlarına geri qayıdıb. Qarabağımızın incisi, Türk dünyasının "mədəniyyət paytaxtı" olan Şuşa şəhərinə 2024-cü ilin 9 may tarixində 88 şuşalının (20 ailənin) köçürülməsi təmin edilib. Hazırda Şuşada 204 ailə və ya 763 nəfər məskunlaşıb. Digər işğaldan azad edilən ərazilərdə əhalinin məskunlaşması davam edir. Əminliklə demək olar ki, çox qısa müddətdə əhali öz doğma yurdlarında məskunlaşacaqlar. Bununla da Azərbaycan Qarabağı işğaldan azad etməklə qələbə zəfəri yazdığı kimi quruculuq və abadlıq, təmir, tikinti işlərini uğurla həyata keçirməklə yeni bir tarix yazacaq.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə