Martın 3-də Azərbaycanın sədrliyi ilə GUAM Parlament Assambleyasının onlayn iclası keçirilib.
SİA xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, GUAM-a üzv ölkələrinin parlamentarilərinin qatıldıqları tədbir çərçivəsində birgə komitə iclası və büro toplantısı keçirilib, yekun sənədin son variantı təsdiqlənib.
Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsi sədrinin birinci müavini Tornike Çxeişvili çıxışında GUAM-a üzv ölkələr arasında sektoral əməkdaşlığın təşviqinin hər zaman düzgün istiqamətdə atılmış addım olduğunu bildirib. O vurğulayıb ki, bu, ümumi imkanların araşdırılmasına və qarşılıqlı inkişafa töhfə verir.
Çxeişvilinin sözlərinə görə, dialoq, bilik və təcrübə mübadiləsi, eləcə də yeni layihə və təşəbbüslərə üstünlük verilməsi ön planda olmalıdır. O qeyd edib ki, GUAM çərçivəsində ticarət, rabitə, energetika və nəqliyyat sahələrində geniş imkanlar mövcuddur və bu istiqamətdə milli parlamentlər də mühüm rol oynaya bilər.
O, həmçinin son illərdə GUAM regionunun artan çağırışlarla üzləşdiyini, bunun üzv ölkələrin təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyü üçün təhdid yaratdığını vurğulayıb. Eyni zamanda, regionda sülhün qorunmasının vacibliyi qeyd edilib, Gürcüstanın bu istiqamətdə prioritetləri deputatların diqqətinə çatdırılıb.
Sessiyanın sonunda Assambleyanın yekun sənədi – Kommünike qəbul edilib.
GUAM Parlament Assambleyasına sədrlik bir il müddətə Azərbaycandan Gürcüstana keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə