Fevralın 26-da Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycanın Braziliyadakı səfirliyində anım mərasimi keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə yerli media nümayəndələri, akademik dairənin digər üzvləri, o cümlədən Braziliya Strateji Araşdırmalar İnstitutunun rəhbər heyəti iştirak edib.
Tədbirdə çıxış edən səfir Rəşad Novruz Ermənistan tərəfindən uzun illər boyu Azərbaycana qarşı həyata keçirilmiş etnik təmizləmə siyasətindən bəhs edərək, Xocalı soyqırımının tarixi və nəticələri barədə iştirakçılara geniş məlumat verib, soyqırımı aktına beynəlxalq səviyyədə hüquqi qiymətin verilməli olduğunu və bu soyqırımı törədən cinayətkarların cəzalandırılmasının zəruriliyini vurğulayıb.
Səfir qəhrəman Azərbaycan Ordusu tərəfindən azad edilən Xocalıda aparılan böyük quruculuq-abadlıq işlərinə toxunub və Xocalı sakinlərinin artıq doğma yurdlarına qayıtmağa başladığını qeyd edib.
Daha sonra Xocalı soyqırımına həsr olunmuş qısametrajlı film izlənilib və Xocalı soyqırımına dair press-relizlər tədbir iştirakçılarına paylanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə