Azərbaycanın COP29 Sədrliyinin “İqlim və Sülh” gündəliyinin icrası...

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Sədrliyinin təşkilatçılığı və Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyi ilə Münaqişələrdən və humanitar ehtiyacdan əziyyət çəkən iqlim dəyişmələrinə həssas ölkələr Şəbəkəsinin Strateji İclası keçirilib.

SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, iclasda iqlim dəyişmələrinə həssas ölkələrin, beynəlxalq təşkilatların və maliyyə qurumlarının yüksəksəviyyəli nümayəndələri iştirak ediblər.

Tədbirin əsas məqsədi ötən il COP29-da Azərbaycan Sədrliyinin təşəbbüsü ilə qəbul edilmiş Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışının həyata keçirilməsi üçün iqlim maliyyəsinin səfərbər edilməsi, dayanıqlılığın gücləndirilməsi sahəsində praktiki həllərin inkişaf etdirilməsidir.

İki gün davam edəcək strateji müzakirələrin açılış tədbirində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edərək ötən il COP29 Sədrliyimizin təşəbbüsü ilə qəbul edilmiş Bakı Çağırışı, həmçinin praktiki icra mexanizmi kimi təsis edilmiş İqlim və Sülh Fəaliyyəti üzrə Bakı Mərkəzinin iqlim böhranı və münaqişələrdən əziyyət çəkən ölkələrə dəstəyin göstərilməsi üçün vacib əməli addımlar olduğunu qeyd edib. Həssas ölkələrə yardımın artırılması üçün beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədilə ölkəmizin COP29 Sədrliyi çərçivəsində bir sıra həssas ölkələrdə pilot layihələrin həyata keçirilməsinə nail olmağı hədəflədiyi diqqətə çatdırılıb.

Strateji iclasın açılışında, həmçinin Birləşmiş Ərəb Əmirliyinin xarici işlər nazirinin müavini Abdulla Balaaa, Ənvər Qarqaş Diplomatik Akademiyasının Baş direktoru Nikolay Mladenov, İtaliya Hökumətinin iqlim dəyişikliyi məsələləri üzrə xüsusi elçisi Françesko Korvaro, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (UNFCCC) Elmi və Texnoloji Məşvərət üzrə Köməkçi Orqanının (SBSTA) sədri Adonia Ayebare çıxış edib. Natiqlər Azərbaycanın iqlim diplomatiyasının mərkəzində həssas ölkələrə yardımın artırılması kimi hədəfin durmasını təqdir edib, ölkəmizin ev sahibliyində fəaliyyət göstərəcək Bakı İqlim və Sülh Mərkəzinin sülh və iqlim sahəsində irimiqyaslı beynəlxalq təşəbbüslərin əlaqələndirici platforması rolunu oynamasını, ölkəmizin qazandığı etibarının bariz nümunəsi kimi qiymətləndirib.

Bu gün də davam edəcək iclasda Həssas ölkələr Şəbəkəsinin bəyanatının və onun fəaliyyəti üzrə Yol Xəritəsinin qəbul edilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə