Koloradoda Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR

ABŞ-ın Kolorado ştatının Denver Universitetində Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş "Khojaly Voices: A Day of Remembrance" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir “Koloradoda Azərbaycan Diasporu” təşkilatı tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

Anım mərasimində Azərbaycan və ABŞ-ın Dövlət himnləri səsləndirilib və Xocalı soyqırımı qurbanları, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən Koloradoda Azərbaycan Diasporu təşkilatının rəhbəri Nigar Şıxsəfiyeva qonaqlara Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Xocalı Soyqırımının xalqımızın qan yaddaşı olmasından, beynəlxalq ədalətin bərpası istiqamətində görülən işlərdən, 30 illik həsrətdən sonra məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışından danışıb.

Azərbaycan Respublikasının Los-Ancelisdəki Baş Konsulluğunun konsulu Ramiz Daşdəmirov soyqırımın ABŞ-da hüquqi qiymət verilməsinə nail olmaq üçün konsulluğun gördüyü işlərdən bəhs edib.

Konfransda “History of Azerbaijan” layihəsi çərçivəsində çəkilmiş Xocalı faciəsindən bəhs edən film nümayiş olunub.

İcma üzvü Ülviyyə Adıgözəlova Xocalı Soyqırımı qurbanlarının xatirəsinə musiqi ifa edib, həmçinin Koloradodakı icmanın 5 azyaşlı üzvü tərəfindən Xocalı Soyqırımının azyaşlı qurbanlarına ithaf olunmuş teatr səhnəsi təşkil edilib və müxtəlif şeirlər səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə