Tahir Budaqovla Qırğız Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtkanov arasında görüş keçirilib
Fevralın 14-də Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovla Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov arasında görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, bu əlaqələrin inkişafında hər iki dövlət başçısının fəaliyyətləri xüsusi vurğulanmış, 8 noyabr 2021-ci il tarixində – Azərbaycanın 44 günlük müharibədə qələbəsinin ildönümü münasibətilə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təbrik bəyanatının verildiyi qeyd edilmişdir. Bütün istiqamətlərdə olduğu kimi statistika sahəsində də əməkdaşlığın vacibliyinə toxunularaq statistikanın bir sıra sahələri üzrə Dövlət Statistika Komitəsinin təcrübəsinin öyrənilməsi məqsədilə 2023-cü ildə Qırğız Respublikası Milli Statistika Komitəsinin bir qrup nümayəndəsinin Bakıda təlim səfərində olduğu xatırlanmış, təlim müddətində iştirakçılara Azərbaycanın milli statistika sistemi, rəsmi statistikanın istehsalında inzibati məlumatlar və Big Data-dan istifadə, keyfiyyətin idarə edilməsi və keyfiyyətə nəzarət cədvəllərinin statistikada tətbiqi, statistik məlumatların toplanması və emalı prosesində informasiya texnologiyalarından istifadə, statistik məlumatların yayılması və ictimaiyyətlə əlaqə işlərinin təşkili, Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin fəaliyyət istiqamətləri, seçmə statistik müayinələrin təşkili, rəsmi statistikada innovativ metodların tətbiqi və təlim məsələləri, “Statistika xəbərləri” elmi-praktik jurnalı barədə təqdimatlar keçirildiyi məmnunluqla qeyd edilmişdir.
Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov səmimi görüşə görə Tahir Budaqova öz təşəkkürünü bildirmiş, iki ölkənin statistika qurumları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasının məqsədəuyğunluğunu bildirmişdir.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə