Minatəmizləmə əməliyyatlarında iştirak edən avtomobillər də operativ nəqliyyat vasitəsi sayılacaq
Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb. SİA xəbər verir ki, dəyişikliyə əsasən, qanunun əsas anlayışları nəzərdə tutan 1-ci maddəsində operativ nəqliyyat vasitələrinin siyahısı genişləndirilib.
Belə ki, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatların daşınması işlərini icra edən avtomobillər də operativ nəqliyyat vasitəsi hesab olunur.
Beləliklə, operativ nəqliyyat vasitələri dedikdə yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinə yetirilməsi, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatların daşınması, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillər nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə