Fransaya Əlcəzairdən əks-zərbə - RAKURS

Bu gün dünyada müstəmləkə siyasəti yeni formada tətbiq edilməkdədir. Müəlliflər də dəyişməyib, orta əsrlərdə hansı dövlətlər insanlığa qarşı ən vəhşi davranışlar sərgiləyirdilərsə, bu gün daha incə, daha dərin, daha amansız bir formada öz əməllərini davam etdirirlər. Heç bir şərq, yaxud Afrika, ya da Cənubi Amerika ölkəsi müstəmləkəçi statusunu daşımır, bu ənənə yalnız bir qrup dövlət tərədindən davam etdirilir, yaşadılır. “Qoca qitə” adlanan Avropadakı dövlətlər – Fransa, Niderland (Hollandiya), İngiltərə, İspaniya, Danimarka, İrlandiya, Portuqaliyanın yadda qalan ləkəli tarixi, qaranlıq keçmişi bir çox xalqın soyqırımına, hətta yox olmasına səbəb olub. Tasmanların Avstraliya “avropalılar”ı tərəfindən son nəfərinə qədər məhv edilməsi bir barbarlıq nümunəsi, bəşəriyyətə qarşı əsl nifrət hissidir. Bəli, bunu törədənlər bu gün başqalarına humanizm dərsi keçməyə çalışan avropalılardır.

Avropa dövlətlərindən Afrikaya, Cənubi və Mərkəzi Amerikaya, Yaxın Şərqə, Cənub-Şərqi Asiyaya yürüş edən emissarların gücü yalnız yarıçılpaq, silahsız insanlara çatıb. Onlara qarşı ən vəhşi üsullardan istifadə etməklə həm onlara məxsus olanları mənimsəyib, həm də yerli xalqların daha sağlam olanlarından işçi qüvvəsi, daha doğrusu qul kimi istifadə ediblər. Quldar avropalılar ələ keçirdikləri torpaqlarda koloniyalar yaradaraq insanlığı məhv ediblər. Fransa dünyanın müxtəlif qitələrində onlarla ölkə ələ keçiriblər, yüzlərlə kolonyalar yaradıblar, minlərlə yaşayış yerlərini yaşanmaz hala gətiriblər, milyonlarla insanın ölümünə səbəb olublar. Bu ölkələrdən biri də Əlcəzair və əlcəzairlilərdir. Əlcəzair bu gün Avropanın, xüsusən də Fransanın qazla təminatında xüsusi rol oynayır. İki ölkə arasında tarixlə bağlı dərin yaralar var, Əlcəzair 100 ildən çox Fransanın müstəmləkəsi olub. Milyonlarla əlcəzairli fransız müstəmləkəçiləri tərəfindən qətlə yetirilib. Məhz bu amil son illərdə Fransa-Əlcəzair münasibətlərinə ciddi təsir edir.

Gərginləşən münasibət və yeni növ hücum

Fransanı “taun və qıtlıq”la hədələyən, Əlcəzair prezidentinin əleyhdarlarına qarşı repressiyalara və fransız cəmiyyətinə hücumlara çağıran əlcəzairli bloggerlər Fransanın bir sıra şəhərlərində saxlanılıblar. Müşahidəçilər bunun Əlcəzair hakimiyyət orqanları tərəfindən planlaşdırılmış kampaniya olduğunu və Fransa hakimiyyətinin müvafiq qətiyyətlə cavab verməyə çalışır. Son zamanlar sosial şəbəkələrdə fransız və ərəb dillərində “müstəmləkəçi Fransaya”, Əlcəzair müxalifətinə, İsrailə, Mərakeşə və yəhudilərə qarşı təhdid və lənətlərin əks olunduğu videolar yayılır. Fransa polisi yüz minlərlə baxış toplayan bu nümayişlərə fəal reaksiya verməyə başlayıb.

Yanvarın 3-də TikTok-da Zazou Youssef ləqəbi ilə tanınan və bir neçə yüz min abunəçisi olan əlcəzairli qeyri-qanuni mühacir Youssef A. Fransanın Brest şəhərində həbs edilib. O, həm Fransada, həm də Əlcəzairdə müxalifət xadimlərini və "Əlcəzair prezidentinin düşmənlərini" öldürməklə hədələyib. Həmin gün İmad Tintin təxəllüsü ilə internetdə yayımlanan və “fransızları diri-diri yandırmağa, öldürməyə və təcavüz etməyə” çağırış edən 31 yaşlı İmad Ould Brahim Qrenobl bölgəsində həbs edilib. TikTok-da da məşhur olan fransa-əlcəzairli Sofia Benlemmane “qətllə hədələmə, nifrət və ictimai təhqirlərə təhrik etmə” ittihamı ilə həbs edilib. Eyni ittihamlar bloqqerlər Abdesslam Bazuka və Laksas06-ya qarşı da irəli sürülüb. Birincisi Əlcəzairə qaçıb, ikincisi axtarılır.

Ən böyük rezonansa səbəb olan hekayə, Doualemn və ya Boualem Dz kimi tanınan 59 yaşlı Əlcəzairli TikToker Naaman Boualem haqqında idi. Bu Montpellier sakini dəfələrlə Əlcəzair prezidenti Əbdülməcid Tebbunə dəstək aksiyaları təşkil edib. Fransa hakimiyyətinin dediyinə görə, videolarından birində "Əlcəzair rejiminin əleyhdarlarına işgəncə çağırışları"nın yer aldığından sonra o, tez bir zamanda yaşayış icazəsindən məhrum edilib. Prefektura ona ölkəni tərk etmək əmri verib, baxmayaraq ki, onun Fransa vətəndaşlığı olan uşaqları olduğu üçün Fransada qalmaq qanuni hüququ var. Məhkəməni gözləyərkən Boualem əvvəlcə müvəqqəti saxlanma düşərgəsinə göndərilib, sonra isə yanvarın 10-da hətta məhkəmədən əvvəl təcili olaraq Əlcəzairə deportasiya edilib. Lakin, Əlcəzair rəsmiləri Boualemin etibarlı Əlcəzair pasportunun olmasına baxmayaraq onu qəbul etməkdən imtina ediblər. Naaman Bualemin təyyarəni tərk etməsinə icazə verilməyib. O, eyni təyyarə ilə Fransaya qaytarılıb və Paris yaxınlığındakı inzibati həbsxanaya yerləşdirilib.

Qovulmanı təşkil edən daxili işlər naziri Bruno Retaillo “Əlcəzair Fransanı aşağılamağa çalışır” deyib. Xarici işlər naziri Jean-Noel Barrot xəbərdarlıq edib ki, eskalasiya davam edərsə Fransa Əlcəzairə cavab verməli olacaq. Əleyhinə fəal kampaniya başlayan əlcəzairli bloggerlər ilk olaraq Fransadakı Əlcəzair diasporuna üz tuturlar. Milli Statistika və İqtisadiyyat İnstitutunun məlumatına görə, 2023-cü ildə onun sayı 891,7 min nəfər olub - bu, immiqrantlar, əcnəbilər və ikili vətəndaşlıq sahibləri arasında ən böyük qrupdur. Bununla belə, əlcəzairlilərin ərəb və fransız dillərindəki videolarına təkcə Əlcəzair icmasının üzvləri deyil, həm də digər izləyicilər: immiqrantlar və fransızlar, mühacirlərin nəslindən olanlar baxır. Hakimiyyət bu cür videoların təsirini və siyasi vəziyyəti gərginləşdirə bilməsini ciddi təhlükə hesab edir.

Əlcəzair niyə öz səfirini Parisdən geri çağırıb?

Fransa ilə Əlcəzair arasında münasibətlər Emmanuel Makron Mərakeşin Qərbi Saxaranın mübahisəli əraziləri üzərində suverenliyini tanıdıqdan sonra pisləşib. Qəzəblənmiş Əlcəzair Parisdən səfirini geri çağırıb. Qarşılıqlı ittihamların başqa bir mövzusu nisbətən yaxınlarda ortaya çıxıb. Noyabrın 16-da Əlcəzair hakimiyyəti “milli maraqlara xəyanətdə”, islamçılığa dözümsüzlükdə və 2019-cu ildən hakimiyyətdə olan və yenidən prezident seçilən Əbdülməcid Tebbun rejimini demokratikləşdirməyə çağırışlarda ittiham olunan fransız-əlcəzair yazıçısı Boualem Sansal həbs edilib.

Əlcəzair hakimiyyətinin hücumlarından qıcıqlanan Fransa siyasətçiləri getdikcə əlcəzairlilərə əhəmiyyətli imtiyazlar verən 1968-ci ildə müstəmləkəçilikdən sonrakı sazişlərə yenidən baxılmasını tələb edirlər. Müzakirələrə Əlcəzair vətəndaşlarına verilən vizaların verilməsinə və sayının azaldılmasına daha sərt yanaşma, onların Fransada yaşaması üçün sadələşdirilmiş girişin ləğvi, eləcə də Əlcəzairə ildə təxminən 110-130 milyon avro məbləğində maliyyə yardımının dayandırılması daxildir. Bu günlərdə parlamentdə Makronist fraksiyasının rəhbəri və keçmiş baş nazir Qabriel Attal belə bir təkliflə çıxış edib.

Bu arada...

Fransa Afrikadan addım-addım sıxışdırılır

Fransa Afrikanın müxtəlif ölkələrinin “tələbləri ilə” bölgəni tərk edir. Fransız əsgərləri bu dəfə Çadla əməkdaşlıq müqaviləsi bitdikdən sonra Abeçe şəhərindəki hərbi bazanı tərk ediblər. Çadın Abeçe şəhərində təhvil-təslim mərasimi keçirilib. Abeche Hərbi Bazasında keçirilən mərasimə bir çox Fransa və Çad rəsmiləri qatılıb. Abeche qubernatoru Bachar Ali Souleymane mərasimdə "Bu tarixi qərar Çadın müdafiə və təhlükəsizlik qüvvələrinə olan etimadımızın nümayişidir" deyib. Mərasimin ardından tərəflər Fransa əsgərlərinin yerləşdiyi Abeche Hərbi Bazasının Çad ordusuna təhvil verilməsi müqaviləsini imzalayıblar.

Bazada olan 120 fransız əsgərindən 90-ı ölkəni tərk etdiyi halda, qalan əsgərlərin yanvarın 31-nə kimi ölkəni tərk etməsi planlaşdırılır. Çad hökuməti Fransa ilə 28 noyabr 2024-cü ildə imzalanan və müdafiə sənayesi və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirmək məqsədi daşıyan müqaviləni ləğv etmək qərarına gəldiyini açıqlayıb. Daha sonra Fransanın döyüş təyyarələri və hərbi birləşmələrinin ölkəni tərk etməyə başladığı bildirilib. Fransız əsgərlərinin yerləşdiyi Faya hərbi bazası dekabrın 26-da Çad ordusuna təhvil verilib. Paytaxt Enceminedəki Adji Kossei Bazasının yanvarın 31-də Çad ordusuna təhvil verilməsi və bununla da Fransanın Çaddakı hərbi varlığına tamamilə son qoyulması planlaşdırılır.

Beləliklə, Fransa tarixi başdan-başa müstəmləkəçilik siyasəti ilə zəngindir. Vəziyyət o həddə çatıb ki, yeni müstəqillik qazanmış ölkələrdə belə vandal fransız izlərini görmək mümkündür. Bəzi dövlətlərin bayraqlarında, bəzilərinin adlarında, bəzilərinin isə dillərində kolonialist Fransa damğası açıq-aydın sezilir. Hətta Fransa hökuməti istər keçmişdə, istərsə də indi tabeliyindən çıxan ərazilərdəki dövlətləri milyonlarla dollar həcmində təzminat ödəməyə məcbur edir. Müasir dövrdə dünyaya sülh mesajları verən, özünü ən ali dəyərlərin daşıyıcısı kimi göstərən fransızlar tarix boyu saysız-hesabsız qətliamlarla yaddaşlarda qalıblar.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə