Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı verdiyi mühüm mesajlar

Son günlər dünyanın gündəmi 25 dekabrda Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya düşməsi oldu. Bu qəzanının baş verməsinin araşdırılması Azərbaycan Prezidenti səviyyəsində diqqətdə olub.

Dövlət başçısı Aktauda Azərbaycan təyyarəsinin qəzaya uğraması xəbəri alınan ilk saatlardan məsələni diqqət mərkəzində saxladığını və bununla bağlı bütün zəruri addımların atıldığını bildirib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində qeyd edib. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına təyyarə qəzası ilə bağlı verdiyi müsahibəsində bir neçə mühüm mesaj xüsusilə diqqət çəkir.

Prezident cənab İlham Əliyevin verdiyi müsahibədə Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub. Onun “Rusiyanın bəzi dairələri məsələni ört-basdır etmək istəyirdi” və “çox cəfəng versiyalar irəli sürülmüşdü” kimi ifadələri, Moskvanın bu hadisəni yanlış təqdim etməyə çalışdığına dair ciddi bir etirazdır. İlham Əliyev, təyyarənin vurulmasını ilk gündən açıq şəkildə Rusiyanın məsuliyyəti olaraq göstərir. Bununla yanaşı, Rusiyaya yönəlmiş tələblər də olduqca sərtdir.

Müsahibədə o da bəyan edildi ki, təyyarə qəzasının təfərrüatları tam və açıq şəkildə hər bir Azərbaycan vətəndaşına çatdırılacaq və hər şeyə aydınlıq gətiriləcək.

Prezident müsahibəsində Rusiya tərəfindən bir çox suallara cavab verilməsini də istədi. Dövlət başçısı ortaya xeyli sual qoydu. Əminik ki, bu suallara çox yaxında cavab veriləcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu müsahibəsi həm də Azərbaycan dövlətinin beynəlxalq hüquqa və obyektiv istintaqa olan bağlılığını, həmçinin təhlükəsizlik məsələlərinə ciddi yanaşmasını göstərir. Ümumiyyətlə, bu ifadələr Rusiya tərəfinə bir xəbərdarlıq və tənqid olaraq dəyərləndirilə bilər. Azərbaycanın istəyi, bu cür məsələlərdə şəffaflığın təmin edilməsi və hər hansı bir ört-basdır etmə təşəbbüsünün qarşısının alınmasıdır. Bu yanaşma, həm də Azərbaycanın beynəlxalq aləmdə öz müstəqil siyasətini qorumağa çalışdığını və böyük güclərlə əlaqələrində daha ehtiyatlı və seçici olacağını göstərir.

Nəticə etibarilə Azərbaycan tərəfinin hadisəyə operativ reaksiyası, Prezidentin qətiyyəti və prinsipiallığı, çevik addımlar, real məlumatların yerli və beynəlxalq ictimaiyyətə operativ çatdırılması Rusiyanın cəhdlərini ifşa etdi

Rövşən ƏHMƏDOV,

YAP Ağcabədi rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə