"Hər bir azərbaycanlının ürəyində Heydər Əliyev heykəli var" - ŞƏRH EDİLDİ
"Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu əvəzsizdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
O bildirib ki, Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrdə çox büyük tarixi işlər görüb: "Azərbaycan aqrar ölkədən inkişaf etmiş sənaye respublikasına çevrilib. Məhz bu, Heydər Əliyevin o dövrdəki fəaliyyəti ilə bağlıdır. Heydər Əliyevin gördüyü işləri nəzərə alan SSRİ rəhbərliyi onu irəli çəkərək Nazirlər Soveti sədrinin birinci müavini təyin etdi. 1982-ci ildə Heydər Əliyev Siyasi Büronun üzvü seçildi. Orada da SSRİ-nin taleyüklü məsələlərin həllində iştirak etdi. Nəqliyyat, sənaye sahələri də Heydər Əliyevin kurasiyasında oldu. SSRİ rəhbərliyində dəyişiklik nəticəsində Mixail Qorbaçovun hakimiyyətə gəldi. Heydər Əliyevin nüfuzundan, işgüzarlığından qısqanan Qorbaçov ona qarşı qarayaxma kampaniyaları təşkil etdirdi. Onların bu yarıtmaz siyasətinə etiraz əlaməti olaraq Heydər Əliyev 1987-ci ilin oktyabrında istefa verdi.
Heydər Əliyev bir müddət Moskvada yaşadı. 1990-cı ilin 20 Yanvar hadisələri törədiləndən sonra Moskvada Azərbaycan nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinə qarşı sərt bəyanatla çıxış etdi. Azərbaycan xalqına qanlı qətliam törətmiş adamların ciddi cəzalanmasını tələb etdi. Dağlıq Qarabağdakı proseslərə SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz olaraq 1991-ci ilin iyununda da Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. 1990-cı ildə Bakıya qayıtsa da, o zamankı Azərbaycan hakimiyyəti onun paytaxtda yaşamasına və siyasi fəaliyyətinə imkan vermədi, eyni zamanda Ulu Öndərə qarşı çirkin kampaniyalara start verdi. Nəticədə Heydər Əliyev doğma Naxçıvana getdi. Qısa müddətdə xalqın böyük dəstəyini qazanaraq həm Naxçıvan Muxtar Respublikası Ali Sovetinə, həm də Azərbaycan SSRİ Ali Sovetinə deputat seçildi. Eyni zamanda 1991-ci ilin sentyabrında Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri seçildi. O zamankı qanunvericiliyə görə Azərbaycan Respublikası Ali Sovetinin sədrinin müavini seçildi. Heydər Əliyev Azərbaycanda gedən prosesləri də izləyirdi. Bilirdi ki, belə qarışıq dövrdə Azərbaycana inkişaf üçün yeni siyasi fəaliyyət növü lazımdır. 1992-ci ilin noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis yığıncağı keçirildi və Heydər Əliyev həmin partiyanın sədri seçildi. YAP qısa müddət ərzində təkcə Naxçıvanda yox, Respublikanın hər yerində böyük işlər apardı. 1992-ci ildə AXC-Müsavat cütlüyü hakimiyyəti idarə edə bilmirdi. Həm cəbhədə vəziyyət gərgin idi, həm də xalqın sosial vəziyyəti getdikcə pisləşirdi. Gəncədə baş verən qiyam isə prosesləri kulminasiya həddinə çatdırdı, hakimiyyətdəkilər Heydər Əliyevə xahiş etdilər ki, gəlib xalqımızı bu ağır durumdan, qardaş qırğınından xilas etsin. Xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya gəldi. 1993-cü ildə Ali Sovetin sədri seçildi. Bunun ardınca AXC-Müsavat hakimiyyətindəkilər iştefa verdilər. Artıq Prezident Əbülfəz Elçibəy də Kələkiyə qaçmışdı. Ona görə də iyunun 24-də Heydər Əliyev Prezident səlahiyyətlərini icra etməyə başladı. 1993-cü ilin Prezident seçkilərində də böyük səs çoxluğu ilə qələbə qazandı. Prezidentliyinin ilk günündən başlayaraq Heydər Əliyev tarixi işlər gördü, cəbhədə atəşkəsə nail oldu. Azərbaycanı iqtisadi tənəzzüldən qurtarmaq üçün dünyanın iri neft şirkətləri ilə ən böyük iqtisadi layihə olan "Əsrin müqaviləsi"ni imzaladı. Azərbaycan iqtisadiyyatını inkişaf etdirdi, eyni zamanda ölkəmizdə milli ordunun yaradılmasında böyük səy göstərdi. Neft kapitalından əldə olunan gəlirləri insan kapitalına çevirdi. Eyni zamanda ordunu gücləndirdi. 2003-cü ildə Prezident seçkilərinə namizədliyini verdi. Amma səhhəti ilə əlaqədar namizədliyini geri götürdü və İlham Əliyevin namizədliyini irəli sürdü. Vəsiyyətində xalqa bildirirdi ki, Azərbaycanın gələcəyi İlham Əliyevlə bağlıdır: "Çünki mənim həyata keçirə bilmədiyim məsələləri İlham Əliyev həyata keçirəcək". Qədirbilən Azərbaycan xalqı da onun dediklərinə böyük dəstək oldu. Xalq İlham Əliyevi Prezident seçdi. Heydər Əliyev 12 dekabr tarixində dünyasını dəyişdi".
Ümummilli Liderin Azərbaycanda fəaliyyəti barədə danışan politoloq əlavə edib ki, bu gün torpaqlarımızın erməni tapdağından azad edilməsi Heydər Əliyev siyasi xəttinin, əsasını qoyduğu iqtisadi inkişafın nəticəsidir. Ona görə də, xalqımız həmişə onu ehtiramla anır. Hər bir azərbaycanlının ürəyində Heydər Əliyev heykəli var. Xalq var olduqca, Heydər Əliyev də var olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə