Qondarma demokrat və ya SAXTAKAR – TƏHLİL

Öz “postu” əlindən çıxan Amerikanın keçmiş prezidenti Co Bayden, indi də oğlunu, əyyaşın, narkomanın birini, cinayət törətmiş şəxsi, xüsusən də qanunsuz silah saxlamağa görə 25 il həbs cəzası kəsilən Hanter Baydeni əfv etmək qərarına gəlməklə nə dərəcədə “demokrat” olduğunu, qanunlara da nə dərəcədə “hörmət” etdiyini açıq-aşkar şəkildə ortaya qoydu. Bütün dünya ictimaiyyəti məhz haqdan, ədalətdən, guya qanunun aliliyindən, eləcə də demokratik dəyərlərdən dəm vuran bir qondarma demokratın əslində, saxtakar olduğunu gördü.

Co Baydenin əfv ilə bağlı qərarı ABŞ Ədliyyə Nazirliyinin kriteriyaları ilə qətiyyən üst-üstə düşmür və uzlaşmır

“The New York Times” (NYT) qəzetinin yazdığı kimi, Amerikanın eks prezidentinin, Co Baydenin bu əfv qərarı ABŞ Ədliyyə Nazirliyinin kriteriyaları ilə qətiyyən üst-üstə düşmür və uzlaşmır. Uzlaşa da bilməz axı. Bu qərar heç Mozambikdə də heç bir kriteriyalarla uzlaşa bilməz, nəinki Amerika kimi dünyaya demokratiya nümunəsi olmaq iddiasında olan ölkədə. Maraqlıdır, məşhur “The New York Times” (NYT) qəzetinin özünün belə etiraf etdiyi kimi, əgər üst-üstə düşmürsə, heç də uzlaşmırsa, o zaman belə bir əfv qərarına gəlinməsi niyə Amerikada rezonans doğurmur və nəyə görə dünyanın bir çox ölkələrinə, xüsusən də Cənubi Qafqaz ölkələrinə “demokratiya nağılı” danışan və sən demə, “demokratiya beşiyi” sayılan ABŞ kimi bir “ad qazanmış” ölkə heç bir reaksiya belə vermir? Görəsən, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, məhz öz posunu əldən verən liderin, Baydenin qərarına qarşı çıxa biləcəkmi? Yaxud, Ağ Evin hazırki “sahibi” həmin qərara qarşı ümumiyyətlə, çıxmaq istəyəcəkmi? Bax elə Amerikanın həmin o “demokratiyasının” məhz “nə boyda” olduğu indi bəlli olacaq, özü də bütün dünya ictimaiyyətinə bəlli olacaq ki, ABŞ demokratiyanı necə başa düşür...

“Demokrat” özünə lazım olanda demokratiyanı da, bütün ali prinsipləri də utanmadan ayaqlar altına ata bilirmiş

Görünür, Bayden öz oğlunu ədalət məhkəməsindən "xilas etmək" qərarına gəlib. Bəli, bazar ertəsi, dekabrın 2-də məlum olub ki, Amerikanın səlahiyyət müddəti başa çatan prezidenti Co Bayden oğlu Hanter Baydeni əfv edib, hansıki həmin əfv barədə ABŞ-ın keçmiş prezidentinin qərarını məhz Ağ Ev özü yayıb. Bir qədər çılpaq şəkildə ifadə etsək, Amerikanın eks prezidentinin qanunun aliliyinə, demokratiyaya hörmətsizlik etməsini, ədalət anlayışına heç tüpürmək belə istəməməsini utanmadan, qızarmadan, heç nə olmamış kimi Ağ Ev özü belə yayır və bundan sonra da bütün dünyanın üzünə baxmağa üz də tapır.

“Prezident olduğum ilk gündən Ədliyyə Departamentinin qərarlarına qarışmayacağımı söylədim və oğlumun mühakimə olunmasını seyr edərkən belə, sözümü tutdum”, - deyən Amerika lideri Bayden əslində özünü yamanca ifşa etmiş olub. Soruşmaq ayıb olmasın, bəs həmin qərarı indi niyə tutmur və nə səbəbə indi öz qərarından “vaz keçmək” qərarına gəlir? Belə çıxır ki, prezident olduğu müddətdə məhz öz “postu” xatirinə səsini çıxarmırmış. Bəli, əslində, Amerikanın demokratiya və ədalət anlayışı bu qədər absurddur və respublikaçı da yox, məhz “demokrat” biri belə özünə lazım olanda demokratiyanı da, ədaləti də, ədalət məhkəməsini də, qanunun aliliyinə də, ümumiyyətlə, bütün ali prinspləri də ayaqlar altına ata bilir. Bəs, belələrinin dünyadan istəyi nədir və demokratiya deyə nağıl oxuyanlar bu reallıqlar fonunda hansı üzlə bütün dünya ictimaiyyətinin üzünə baxa bilərlər? Uzlərinə üz bağlayıb baxmaları bir tərəfə, bəzi ölkələrə, xüsusən də, Cənubi Qafqaz ölkələrinə indi hansı məntiqlə demokratiya barədə ağız dolusu danışırlar axı? Məsələn, Gürcüstanı məhz demokratiya bəhanəsi və nağılı ilə alt-üst etməyə hazırlaşanlar heçmi indi də olsa utanmaq fikrində deyillər?

Dünya ictimaiyyəti Baydendən də, onun ətrafında olan “demokratlardan” da bu hörmətsizliklərin və saxtakarlıqların hesabını sora bilər

"Beş il yarımdır ki, Hanter davamlı hücumlara və təqiblərə rəğmən ayıqda qalıb. Hanteri sındırmağa çalışmaq məni sındırmağa çalışmaq deməkdir", deyə Bayden öz “qərarına” don geyindirməyə çalışıb. Belə çıxır ki, o, oğlunu əfv etmək qərarına həftəsonu, bir qədər fikirləşdikdən sonra guya aydınlıq gətirdiyi qənaətinə gəlib. "Ümid edirəm ki, atanın və prezidentin niyə belə bir addım atdığını amerikalılar başa düşəcəklər", deyə ABŞ-ın eks prezidenti özünü və kimlərisə nəyə isə əmin etməyə çalışır. Bu anda bir sual ortaya çıxır, görəsən, amerikalılar bu boyda dünyaya nə veriblər ki, ala bilmirlər və niyə məhz amerikalılar nəzərdə tutulmalıdır? Niyə məhz amerikalıların başa düşəcəyini ata Bayden vurğulayır? Yəni, dünyanın digər ölkələrinin vətəndaşları heçmi hesaba alınmırlar?

Bir zamanlar faşistləri, nasistləri qınayırdılar ki, onlar özlərini dünyanın ən ali irqi, ən ali insanı hesab edirlər və qalanlarını hesaba da almırlar. Görəsən, indi məhz Bayden fərqindədirmi ki, özü də elə faşistlər kimi düşünür və ancaq amerikalıları nəzərdə tutmaqla dünyanın digər sakinlərinə qarşı saymamazlıq və hörmətsizlik edir? İndi dünya ictimaiyyəti üzünü tutub Baydendən də, onun ətrafında olan digər “demokratlardan” da bu hörmətsizliklərin və saxtakarlıqların hesabını sora bilər. Ən azından bu yekəlikdə dünyanın sakinləri elə bu yekəlikdə də saxtakarlıq fonunda heç olmasa, “demokrat” olmadığını etiraf etməsini məhz Amerikanın eks prezidentindən tələb edə bilər. Buna hər birimizin haqqımız çatır və ona qondarma demokrat da, saxtakar da deməkdə haqlıyıq.

Ailə üzvünün cəzasını yüngülləşdirmək, yaxud “əfv etmək” ABŞ tarixində heç də ilk dəfə baş verən hadisə deyil

Öz növbəsində TMZ portalının iddiasına görə, Bayden hələ üç ay əvvəldən belə oğlunu əfv etmək qərarına gəlibmiş, baxmayaraq ki, Amerika lideri əvvəllər heç bir işdə oğlunu əfv etməyəcəyini və “məhkəmə prosesinə hörmətlə yanaşmağa davam edəcəyini” dəfələrlə bəyan edirdi. Diqqətə çatdıraq ki, prezidentin öz səlahiyyətindən istifadə edərək, ailə üzvünün cəzasını yüngülləşdirməsi, yaxud “əfv etməsi” məsələsi ABŞ tarixində heç də ilk dəfə baş verən hadisə deyil. Eyni hala məhz ABŞ-ın 42-ci prezidenti Bill Klinton tərəfindən də yol verilib və onun da öz səlahiyyətlərinin son günündə belə, barəsində narkotik ittihamı irəli sürülən ögey qardaşı Rocer Klintonu əfv etdiyi də Amerika tarixinə, özü də demokratiyanın beşiyi kimi özünü təqdim edən bir ölkənin tarixinə böyük hərflərlə yazılıb. Amma nəzərə almaq lazımdır və unutmaq da lazım deyil ki, həmin o böyük hərflər bu böyüklükdə dövlət üçün elə böyük ləkə sayılır.

Doğrudur, Baydenin “özünü təmizə çıxarmaq üçün” verdiyi açıqlamaları Amerika mediasında ciddi müzakirələrə səbəb olub. Hətta “Politico” qəzeti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Baydenin oğlunu əfv etmək qərarını ləğv edib-etməyəcəyi barədə vəkil Samuel Morisondan şərh də almaq istəyib. Nəşr belə nəticəyə, belə bir qənaətə gəlib ki, Tramp vəzifəyə gəldikdən sonra nə sələfinin qərarını geri ala, nə də Hanter Baydenə qarşı cinayət təhqiqatını bərpa edə bilməyəcək. “Tramp vəzifəyə gəldikdən sonra əfv fərmanını ləğv edə bilməyəcək və Trampın Ədliyyə Departamenti prezidentin oğlu ilə bağlı uzun müddətdir davam edən cinayət təhqiqatını yenidən aça bilməyəcək”, deyə nəşr qeyd edir. Amma həmin nəşrin də diqqətinə çatdırmaq istərdik ki, məsələ təkcə Baydenlə bağlı olsa idi dərd yarı idi. Heç Bill Klintonun da “əvf qərarı” Amerika tarixində sonuncu hadisə hesab edilmir və hələ daha çox faktlara görə sorğu-sual olunmalıdır.

Amerika üçün ənənəvi hala çevrilən daha bir fakt barədə də diqqətə çatdırmaq tam yerinə düşərdi. Beləki, 8 sentyabr 1974-cü ildə ABŞ-ın 38-ci prezidenti Cerald Ford sələfi Riçard Niksonu əfv edən fərman imzalamışdı. Bu hadisə Niksonun Uoterqeyt qalmaqalına görə istefasından təxminən bir ay sonra baş vermişdi. Xatırladaq ki, Uoterqeyt ABŞ-da ən böyük siyasi qalmaqal sayılır. Çünki 1972-ci il iyunun 17-də seçki kampaniyasının qızğın vaxtında Vaşinqtondakı Uoterqeyt kompleksində məhz Demokratlar Partiyasının ofisində dinləmə avadanlığı quraşdıran beş nəfərin saxlanılması o zaman rezonans doğurmuşdu. Hətta oğurluq edənlər arasında prezident Riçard Niksonun kampaniyasının üzvlərinin olması da rezonansın əsas səbəblərindən sayılırdı. Bax budur ABŞ demokratiyası, deməkdə hər birimiz haqlıyıq. Xüsusən də ona görə ki, həmin bu hadisədə də məhz “demokratlar” öz adlarına yaraşmayan oyun çıxarmışdılar. İndi bunlara qondarma demokrat deyək, yoxsa saxtakar?

Əfv qərarı ilə bağlı bütün dünyada kifayət qədər ibarəli fikirlər var və bu da onun saxtakarlığını təsdiqləyir

Qanun, ədalət məhkəməsi qarşısında cavab verməli olan oğlunu Baydenin əfv etməsi ilə əlaqədar kifayət qədər ibarəli ifadlərə dünya mətbuatında yetərincə rast gəlməkdəyik və ələlxüsus da Rusiyada bu fakla bağlı maraqlı, ironik fikirlər daha çoxdur. Məsələn, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “İzvestiya” nəşrinə müsahibəsində bu faktı "Demokratiya mövzusunda karikatura" adlandırıb. Öz növbəsində, Dövlət Dumasının dövlət quruculuğu və qanunvericilik komitəsi sədrinin birinci müavini Daniil Bessarabov isə açıq şəkildə deyib ki, “bu insanların demokratiya öyrətməsi qorxuludur”. O, həmçinin, Baydenin öz oğlunu əfv etməsi xəbərindən sonra amerikalılar adından, “qanun nədir?” məntiqi sualın ortaya qoyulmasını vacib hesab etdiyini bildirib. “Bütün dünyada bu insanların başqalarına demokratiya və qanuna hörmət haqqında nə isə öyrətmələri dəhşətlidir”, deyə Bessarabov xüsusilə vurğulayıb. Onun sözlərinə görə, qanunlara əməl olunması vətəndaş məsuliyyətinin və cəmiyyətə hörmətin təzahürüdür, hansıki bu, qanuna hörmət mədəniyyətinin formalaşmasına, vətəndaşlarla dövlət arasında etimadın möhkəmlənməsinə xidmət edir. “Baydenin hərəkəti göstərdi ki, o, cəmiyyətə hörmət etmir və dövlətin gələcək həyatı ilə maraqlanmır, halbuki qanunlara riayət ədalətli cəmiyyət yaratmaq üçün zəruri şərtdir”, deyə Bessarabov fikrini beləcə yekunlaşdırıb. Amma heç də Baydenin belə qondarma demokrat, yaxud da saxtakar kimi aparması ilə bağlı fikilər yekunlaşmayıb.

Amerikanın özündə belə Hanter Baydenin əfvi ilə bağlı reaksiyalar ortadadır. Ağ Evin hazırki sahibi Tramp bu faktı “sui-istifadə” adlandırıb. Onun sözlərinə görə, Baydenin belə bir qərarı ədalətin pozulması deməkdir. “Co Hanterə verilən əfv uzun illər həbsdə olan 6 yanvar girovlarına, (söhbət 2021-ci ildə Kapitoliya hücumunun iştirakçılarından gedir) şamil edilirmi?” deyə, yeni seçilmiş ABŞ prezidenti “Truth” sosial şəbəkəsində yerləşdirilmiş paylaşımında bir növ sual edir. Maraqlıdır, bu sual ünvanlanarkən ABŞ prezidenti nə kimi hislər keçirib və görəsən, ölkəsində belə bir hala görə nə düşünür? Hətta Baydenin bu qərarı “demokratlar” tərəfindən də pis qarşılanıb və pislənib də. “Mən prezident Baydenə hörmət edirəm, lakin onun səhv etdiyinə əminəm. Bu, siyasi təqib deyildi, çünki Hanter ağır cinayət törədib və münsiflər heyəti tərəfindən mühakimə olunub”, deyə “demokratların” nümayəndəsi Qreq Stanton özünün X sosial şəbəkə hesabında şərhini də yazıb. Həmçinin Kolorado qubernatoru Jared Polis bir ata olaraq Baydeni başa düşdüyünü, lakin “ailəsini ölkənin maraqlarından üstün tutduğuna görə məyus olduğunu” söyləyib. “Bu, sonrakı prezidentlər tərəfindən sui-istifadə edilə biləcək pis bir presedentdir”, deyə Jared Polis bildirib.

Heç Respublikaçı qanunvericilər də rezonans doğuran bu xəbəri diqqətdən kənarda qoymayıblar. Belə ki, Nümayəndələr Palatasının üzvü Ceyms Komer X sosial şəbəkəsində Baydenin “ailəsinin korrupsiya fəaliyyəti haqqında əvvəldən axıra qədər yalan danışdığını” deyib. “O, təkcə oğlunun xarici iş yoldaşları ilə heç vaxt görüşmədiyini və oğlunun heç bir səhv etmədiyini yalan saymaqla kifayətlənməyib, həm də Hanter Baydeni əfv etməyəcəyini deyərək, yalan da danışıb", deyə Komer açıqlamasında vurğulayıb. Nümayəndələr Palatası üzvü Marjori Teylor Grin də sosial mediada, “Co Bayden sona qədər yalançı və ikiüzlüdür”, deyə qeyd edib. Respublikaçı senator Çak Qrassli də sosial mediada yazıb ki, “Prezident Baydenin oğlu Hanteri əfv etməsindən şok oldum, çünki o, bunu etməyəcəyini dəfələrlə söyləmişdi və mən ona inanmışdım”. Nəticə bunu deməyə əsas verir ki, bəli, amerikalılar özləri də Baydeni ikiüzlü hesab edirlərsə, deməli, onun saxtakar olması öz təsdiqini tapır. Belə çıxır ki, bu “deməkratlara” qondarma demokrat da demək olar, saxtakar da.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə