"Razılaşmanın əldə edilməsində Azərbaycanın böyük rolu oldu" - ŞƏRH EDİLDİ

"COP29-un nəticələrini iki kontekstdə qiymətləndirmək olar. Bunlardan birincisi Azərbaycanın bununla nə qazandığıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, bu cür beynəlxalq səviyyəli böyük tədbirlərin keçirildiyi ölkələrin əsas qazancı beynəlxalq-siyasi müstəvidə nüfuzunun artması, güclənməsidir: "Azərbaycanın siyasi müstəvidə əsas qazanclarından biri budur. Azərbaycan göstərdi ki, təhlükəsiz şəraitdə, yüksək səviyyədə qlobal əhəmiyyətli tədbirlər keçirə bilər. Bu, həmçinin Bakının gələcəkdə müxtəlif qlobal məsələlərin müzakirə, dialoq məkanı kimi rolunu daha da gücləndirir. Çünki indiyə qədər Bakı bir çox beynəlxalq dialoqa ev sahibliyi edib. COP29 bunun ən böyüyüdür. Azərbaycan bunun da öhdəsindən gələ bildi.

Digər tərəfdən Azərbaycanın qazandığına iqtisadi müstəvidə də yanaşmaq olar. İlk baxışdan əsas qazanclarından biri turizm sektorudur. Çünki on minlərlə insan Bakıya gəlir, bu, Azərbaycanın, Bakının tanınması baxımından önəmli idi. Həm də onların müəyyən qisminin Azərbaycana gələcəkdə turist kimi qayıtmaq gözləntisi var. O cümlədən onların geri qayıdarkən öz ölkələrində Azərbaycan haqqında yaratdıqları təəssürat turizmə önəmli dəstək verəcək.

Fikrimcə, Azərbaycanın əsas qazanclarından biri də yaşıl enerji sektoruna xarici investorların cəlb edilməsidir. Bunu gələcəkdə daha çox görə bilərik. Ümumiyyətlə, indiki dünyada yaşıl enerji məsələsi beynəlxalq investorların əsas diqqət mərkəzindədir. Əslində qlobal iqlim problemlərinin müzakirəsi fonunda beynəlxalq təşkilatlar, böyük ölkələr yaşıl enerjiyə investisiya yatırımını təşviq edir. Əslində COP29 tədbirində əsas diqqət mərkəzində olan məsələlərdən biri də məhz yaşıl enerjiyə investisiyanın yatırılması idi. Azərbaycan bu COP29-u öz yaşıl enerji potensialına təqdim edə bilir, deyə düşünürəm. Bilirik ki, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji potensialı daha böyükdür. Bu isə gələcəkdə Azərbaycanın yaşıl enerji sektoruna xarici investisiyaların cəlb edilməsi baxımından qapı açır. Nəzərə almaq lazımdır ki, xarici investorların adətən birinci yanaşdığı məsələ təhlükəsizlik məsələsidir. Çünki onlar investisiya yatırırlar, bölgədə kapitallarının təhlükə altına düşməsində maraqlı olmurlar. Azərbaycan COP29 tədbirini keçirməklə təhlükəsizlik baxımından ən yüksək səviyyədə olan ölkə olduğunu da göstərdi. Bu da xarici investorların cəlbində mühüm rol oynayır".

"Bununla yanaşı ikinci məqam odur ki, Azərbaycan COP29 tədbiri ilə qlobal iqlim problemlərinin həllinə hansı töhfəni verdi. Hesab edirəm ki, Bakıda əldə edilən nəticə COP prosesində, o cümlədən qlobal iqlim problemləri ilə müzakirədə ən önəmli və indiyə qədər əldə edilmiş ən böyük nəticədir. Çünki burada əsas məsələ iqlim maliyyəsi məsələsidir. İqlim maliyyəsi məsələsi 2009-cu ildə Kopenhagendə keçirilən COP15-də gündəmə gəlib. O vaxt 100 milyard dolların ayrılması məsələsi razılaşdırıldı. 2015-ci ildə Fransada COP21 keçirildi. Paris razılaşmasında bu maliyyənin ayrılması müddəti 2025-ci ilə qədər uzadıldı. Lakin məbləğ artırılmadı. Əsas müzakirə mövzusu ancaq iqlim maliyyəsində bu məbləğin artırılması idi. İndiyə qədər COP tədbirlərində qlobal iqlim müzakirələrində ən önəmli məsələ budur. Müxtəlif layihələr, təkliflər verilir. Amma nəticə etibarilə hər iş maliyyənin üzərinə gəlib çıxır. Əsas müzakirə mövzusu bu maliyyənin məbləğinin artırılması idi. Bakıda çıxan 300 milyard dollarlıq razılaşmanın əldə edilməsi ümumi COP prosesində və iqlim problemləri ilə müzakirədə ən önəmli razılaşmadır. Bu razılaşmanın əldə edilməsində Azərbaycanın böyük rolu oldu. Hesab edirəm ki, Azərbaycanın COP29 tədbirinə həm də bu kontekstdə yanaşmalıyıq. Azərbaycanın qlobal iqlim problemlərinin həllinə verdiyi töhfə olaraq da yanaşmaq lazımdır.

COP-un yüksək səviyyədə keçirilməsi bütün kompaniyalara, təxribat xarakterli informasiyalara, qarayaxma kompaniyaları, informasiya hücumlarına baxmayaraq Azərbaycan COP29-u yüksək səviyyədə keçirdi. Əldə edilən nəticə bütövlükdə qlobal iqlim problemlərinin həllinə mühüm töhfə olacaq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə