İtaliyanın kütləvi informasiya vasitələri Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına dair məqalələr dərc edib. SİA xəbər verir ki, ANSA agentliyinin və “il Manifesto”, “Meteo Giornale”, “Editoriale Domani”, “Avvenire”, “Upday” kimi saytların yaydığı materiallarda COP29-un əhəmiyyətindən bəhs olunur.
Qeyd edilir ki, COP29 iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş siyasətlərin müzakirəsi və həyata keçirilməsi üçün əvəzsiz platformadır. Bakı konfransının iştirakçıları iki həftə ərzində qlobal dekarbonizasiya hədəfi üçün yeni maliyyə resursları barədə müzakirə aparacaqlar. COP29-un əsas məqsədləri sırasında istixana qazlarının emissiyalarının azaldılması, qlobal istiləşmənin dramatik təsirlərinə uyğunlaşmaqda ən həssas ölkələrə dəstək olmaq üçün yeni maliyyələşdirmə mexanizmlərinin yaradılması var. Konfrans bir çox bölgələrdə təbii fəlakətlərə təkan verən qlobal temperaturun həyəcan verici artımına cavab vermək üçün unikal fürsət kimi qiymətləndirilir.
Yazılarda BMT-nin Baş katibi Antonio Quterreşin bu yaxınlarda qlobal istiləşmə və iqlim dəyişikliyi ilə bağlı dərhal hərəkətə keçmək üçün yeni çağırış etdiyi vurğulanır. Bildirilir ki, ətraf mühit təşkilatları iqlim böhranı ilə mübarizənin aktuallığının həmişəkindən daha aktual olduğunu bildirirlər.
Diqqətə çatdırılır ki, Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk də Bakıda keçiriləcək COP29-un ümumi evimizin qorunmasına səmərəli töhfə verəcəyinə ümidvar olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə