Xalq var tarixini yazırlar, xalq var qanı ilə tarix yazır... ŞƏRH

Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması Zəfərimizin və milli kimliyimizin təcəssümüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə dərhal səfər edərək Azərbaycan Bayrağını ucaltması məhz dövlətimizin ərazi bütövlüyü və suverenliyinin, xalqımızın ləyaqətinin bərpasının təsdiqi idi. Bu bayraq, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin o vaxtkı sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin tarixi qərarı əsasında onun rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Milli ideologiyamızın üç təməl prinsipi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin baxışları əsasında bayrağımızda tam əks olunub: “Türkçülük, müasirlik və islamçılıq”.

Bəli, xalq var, tarix yazır, xalq var tarixini yazırlar. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı, Zəfər tarixi. Bu tarixi Azərbaycan xalqı, onun əsgəri öz qanı və şücaəti ilə yazdı. 44 günlük Vətən müharibəsi müddətində, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Təkcə müasir tariximizin deyil, ümumi dövlətçilik tariximizin şanlı səhifələrindən olan - Zəfər Gününə aparan yolun əsası Ümummilli Lider Heydər Əliyevin hərbi və diplomatik sahələrdə apardığı uğurlu siyasətlə qoyulub.

SİA-nın əldə etdiyi məlumata görə, bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Rizvan Nəbiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin xarici səfərlərinin birində beynəlxalq mətbuata xitabən dediyi "xalqımız döyüş meydanında ərazi bütövlüyünü, suverenliyini və ləyaqətini bərpa etdi" ifadəsi siyasi, beynəlxalq hüquq və xalq-hakimiyyət birliyi faktorları nöqteyi-nəzərdən böyük məna daşıyır.

Prezident İlham Əliyevin Ali Baş Komandan kimi hərbi fəaliyyəti ilə yanaşı, informasiya və təbliğat sahəsindəki fəaliyyəti də Azərbaycanın siyasi-diplomatik uğurunu təmin etdi. Prezidentimizin müharibə dövründə dünyanın ən böyük media qurumlarına verdiyi 30-dan çox müsahibə ilə münaqişə ilə bağlı real vəziyyəti və faktları beynəlxalq ictimaiyyətə çatdırdı. KİV-lərə müsahibələri real mübarizə və silaha çevirən Azərbaycan Prezidenti verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur. Nəticədə beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alındı. Ön cəbhədəki uğurlar arxa cəbhədəki diplomatik və informasiya-mətbuat müstəvisində də əksini tapdı.

Vətən müharibəsi nəticəsində BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrin tələblərinin icrasını təmin edən dövlətimiz bununla regionda dayanıqlı sabitliyə, sülhə və əməkdaşlığa şərait yaradan və beynəlxalq hüquqa əsaslanan yeni siyasi şərait yaratdı. Dövlətimiz təcavüzkar qonşuya məğlubiyyətindən sonra sülh təklif etdi.

Sülh danışıqları davam edir, delimitasiya və demarkasiya məsələləri irəlilləyir, amma təcavüzün nəticələrinin tam aradan qaldırılması üçün uzun zaman, böyük maliyyə, gərgin fəaliyyət və səbir tələb olunur.

Ermənistanın 30 illik qanunsuz hərbi işğalının dağıdıcı nəticələrinin tam aradan qaldırılması on illiklər və milyardlarla maliyyə vəsaiti tələb edir. İşğaldan azad edilən ərazilərdə dövlətimizin öz resursları hesabına aparılan quruculuq-bərpa işləri nəticəsində məcburi köçkünlərin “Böyük Qayıdış”ı mərhələli şəkildə təmin olunur. Paralel olaraq, hərbi sənaye kompleksini uğurla inkişaf etdirən Azərbaycan ixrac təyinatlı məhsullarının çeşidini və coğrafiyasını genişləndirməklə yeni tərəfdaşlarının sayını artırır.

Prezident İlham Əliyevin Zəfər parkının açılışında dediyi sözlər gələcək fəaliyyətimizin ana xəttini təşkil edir: “İndi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar.”

Bütün xəbərlər Facebook səhifəmizdə