Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklər I oxunuşda qəbul edilib
Milli Məclis Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliyi ilk oxunuşda müzakirəyə çıxarılıb. SİA xəbər verir ki, parlamentin bugünkü plenar iclasının gündəliyinə salınan dəyişiklik barədə məlumat verilib.
Qeyd olunub ki, layihəyə əsasən, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə məcburi yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin azad edilməsi qaydaları müəyyənləşir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddəti onların orada yerləşdirilməsi barədə qərara uyğun olaraq qəbul edildikləri andan hesablanacaq.
Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda göstərilən müddət başa çatanadək həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) məsələsi həll olunmalıdır.
Mərkəz rəisi bu barədə həmin şəxsin orada yerləşdirilməsi müddətinin başa çatmasına 1 iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına şifahi və ya yazılı qaydada məlumat verir. Məhkəmənin qərarı əsasında uzadılma halları istisna olmaqla, müvafiq icra hakimiyyət orqanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi haqqında qərar qəbul ediləcək.
Bundan başqa, daha bir təklif olunan dəyişikliyə görə, mərkəzdə saxlanılan şəxsin öldüyü vaxtdan yeddi gün müddətində meyitin təhvil verilməsi barədə müraciət daxil olmadıqda o, dövlət vəsaiti hesabına dəfn ediləcək.
Məcəlləyə təklif edilən dəyişiklik layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə