YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikasında ilk dəfə prezident seçilməsinin 21 illiyi ilə əlaqədar “Tarixi ədaləti bərpa edən lider!” adlı konfrans keçirilib.Konfransda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, “91-lər”dən Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şürasının üzvü Misir Mərdanov, Milli Məclisin deputatları Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müadiri Fazil Talıbov, “Bakı Metropoliteni QSC”-nin sədrinin müavini Hidayət Məmmədov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Yasamal rayonu üzrə ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, rayon ictimaiyyəti və rayonun aktiv gəncləri iştirak edib.
İlk öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Prezident cənab İlham Əliyevin 21 illik uğurlu fəaliyyətinə həsr olunmuş “Tarixi ədaləti bərpa edən lider!” adlı videoçarx təqdim olunub.
Giriş nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq strategiyasının bu sahədə də uğurla reallaşması respublikamızı regionun lider dövlətinə, qlobal miqyaslı nüfuz sahibinə çevirmişdir. Azərbaycanın son iyirmi bir ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident cənab İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir. Prezident cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Ali Baş Komandanıdır. Bu günlərdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi isə dövlət başçısı kimi fəaliyyətinin 21-ci ili tamam olan Prezident cənab İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından oldu. Xalqımıza böyük qürur bəxş edən 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər və lokal xarakterli antiterror tədbiri nəticəsində suverenliyimizin tam olaraq bərpa olunması, eləcə də 2023-cü ilin oktyabr ayının 15-də Xankəndi və digər ərazilərilərimizdə üç rəngli dövlət bayrağımızın ucaldılması, Xankəndi şəhərindən Müzəffər Ali Baş Komandanınımızn xalqımıza müraciəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin "Dəmir yumruğ"unun qəti qələbəsinin göstəricisi oldu. Zəfər indi işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı quruculuq, nəhəng dirçəliş və yeniləşmə proseslərilə uğurla davam edir. Bu tarixi mərhələdə də Prezident cənab İlham Əliyevlə birgə Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi dəstək, həyata keçirdiyi təşəbbüslər də xüsusi önəm daşıyır.
Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Hikmət Məmmədov çıxış edərək qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, onun layiqli davamçısı, möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bu gün xalqımız əmindir ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu möhkəm əllərdədir. Bu kursu davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycanı hər ötən gün inkişaf etdirərək yeni zirvələrə aparır, ölkəmizi və xalqımızı inamla daha firavan gələcəyə aparır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun arzularını reallaşdıran, qələbədən qələbəyə doğru aparan Prezident cənab İlham Əliyev kimi Lideri var. Prezident cənab İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail oldu. Prezident cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və lokal xarakterli antiterror tədbiri, eləcə də Xankəndi və digər ərazilərimizdə bayrağımızın ucaldılması nəticəsində tam bərpa olunan suverenliyimiz də bu uğurların məntiqi nəticəsidir. Yeni reallıqlar isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha böyük, möhtəşəm nailiyyətlər əldə etməsinə hədəflənib.
Yeni Azərbaycan Partiyası Veteranlar Şürasının üzvü, “91-lər”dən Şahlar Əsgərov çıxış edərək bildirib ki, zamanımızın dühası ulu öndər Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” dəyərli qiymətini alan Prezident cənab İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 21 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Ali Baş Komandanın xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərdi ki, cənab İlham Əliyev güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi ki, bu da çox çəkmədi. Müzəffər Ali Baş Komandanın "Dəmir yumruq" əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürməsi ilə torpaqlarımız işğaldan azad olundu. 2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi. Ən nəhayət 2023-cü ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi və digər ərazilərimizdə üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı.
Yekun nitq ilə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğulayıb ki, bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Ümummilli lider Heydər Əliyevin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha təsdiqini tapır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəniyyət mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısıdır. Ötən 21 il ərzində ölkə iqtisadiyyatının şaxələndirilməsi və sosial rifah sahələrində mühüm nailiyyətlər əldə edilib. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərlə torpaqlarımızın işğaldan azad olunması və lokal xarakterli antiterror tədbiri ilə suveren hüquqlarımızın tam bərpa edilməsi, Xankəndi və digər ərazilərimizdə bayrağımızın ucaldılması bir daha göstərdi ki, Azərbaycan regionda sülhün və sabitliyin əsas təminatçısıdır.
Çıxışlardan sonra Partiyanın ictimai-siyasi həyatında aktiv fəaliyyətə görə fəxri fərman və Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə