"Türk ordu modelinə keçid uğurla davam edir" - HƏRBİ EKSPERT AÇIQLADI

"Türk ordu modelinə keçid uğurla davam edir" - HƏRBİ EKSPERT AÇIQLADI

“Ali Baş Komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrimiz qarşısında qoyulan ən vacib məsələlər artıq həll olunub. Azərbaycanın ərazi bütövlüyü, sərhəd təhlükəsizliyi və suverenliyi ilk dəfə olaraq təmin olunub. Bu regionda sülhün əldə olunması və kapitulyasiyalar imzalayan Ermənistanın ilk dəfə olaraq özünün təhlükəsizliyini təmin etməsi üçün münbit şəraiti formalaşdırıb. Bir sözlə, Azərbaycan Qarabağ problemini həll etməklə Ermənistanın separatizm və revanşist meyllərdən təmizlənməsi üçün kifayət qədər imkanlar yaradıb. Bu baxımdan Ermənistan sülhün əldə olunmasında daha çox maraqlı olmalıdır, daha çox ciddi addımlar atmalıdır. Lakin görünən odur ki, son həftələr ərzində Ermənistan ikimənalı bəyanatlar səsləndirir, əraziyə qoşun cəmləşdirir, ehtiyyatda olanları isə təlim adı altında Azərbaycan şərti sərhəddinə cəlb edir, qoşun və texnikaları ölkəmizin mövqelərinə yaxın ərazilərə toplayır. Bütün bunlarla bərabər, həm də Azərbaycan sərhəddinə yaxın ərazilərdə yeni hücum silahları ilə təchiz olunan hərbi hissələr yaradır”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, sadalananlar Ermənistanın növbəti təxribatlara hazırlıq prosesini həyata keçirdiyini deməyə əsas verir: “Baş verənləri və gələcəkdə mümkün ola biləcək təxribatları nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev ordu quruculuğu potensialımızın inkişaf etdirilməsini prioritet vəzifə kimi qarşıya qoyub.

Ordu canlı orqanizmdir və daim yeni çağırışlara cavab verə bilmək üçün müxtəlif islahatlardan keçməlidir. Bu mənada türk ordu modelinə keçid uğurla davam edir. Ordumuzun mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi üçün də ciddi addımlar atılır. İlk növbədə Azərbaycan artıq hərbi hava qüvvələrinin yenilənməsi prosesinə başlayıb, İtaliya və Pakistandan döyüş təyyarələri alırıq. Digər tərəfdən yaxın perespektivdə Türkiyədən pilotsuz döyüş vasitəsi əldə etmək ehtimalımız böyükdür. Silahlı Qüvvələrin bütün nizamnamələri yenilənir, bu məsələlər aktiv şəkildə müzakirə edilir. Eyni zamanda ölkənin güc strukturlarında xidmət üçün nəzərdə tutulan təhsil müəssisələrinə qəbul sayı artırılıb, həmçinin Müdafiə Nazirliyinin tabeliyində üç lisey fəaliyyət göstərməyə başlayıb. Bunlar isə ordunun potensialını daha üstün səviyyəyə çıxarmaq üçün atılan addımlardır. Qeyd olunan bütün addımlar gələcəkdə də davam etdiriləcək.

Azərbaycan yalnız Qafqazın lider ölkəsi olaraq qalmaq niyyətində deyil, eyni zamanda dünyada orta güc kimi tanınan və sürətlə ordusunu inkişaf etdirən nadir ölkələrdən biri kimi formalaşır. Vətən müharibəsindəki qələbə isə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu kifayət qədər yüksəldib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə