Güclü dövlət və güclü liderlik bizə Zəfərimizi yaşatdı ŞƏRH

"Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır".

Bu sözləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində söyləyib. Bəli, son illərin göstəricilərindən də məlum olduğu kimi, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyada nüfuzu durmadan artan Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir. Bugünkü Azərbaycan reallıqları deməyə əsas verir ki, sabitlik, təhlükəsizlik və inkişaf 20 illik tariximizi xarakterizə edən əsas amillərdir. Məhz bu uğurlu göstəricilər Prezident İlham Əliyev cənablarının "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah" konsepsiyası ilə Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur, bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik".

Prezident İlham Əliyev çıxışlarında söyləyib ki, iqtisadiyyatımız 4 dəfədən çox artmışdır. Bu gün Azərbaycan tarixinin ən güclü, qüdrətli dövrünü yaşayır, Prezident İlham Əliyevin vurğuladığı kimi: "Müstəqilliyimiz heç bir zaman bu qədər möhkəm olmamışdır".

Bu gün dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev ümummilli lider Heydər Əliyev irsini qətiyyətlə davam etdirərək, Qarabağ problemini birdəfəlik həll etdi, ata vəsiyyətini, xalqına vermiş olduğu vədini yerini yetirərək, həqiqi lider olduğunu bir daha sübuta yetirmişdir. Bu gün bütün dünya Azərbaycan Prezidentini verdiyi sözlərə istisnasız əməl edən, sözü ilə əməlinin üst-üstə düşən, sözünün dəyərli və keçərli olduğunu görən böyük siyasi xadim kimi tanıyır..

Hələ 2003-cü ilin sentyabr ayında Azərbaycanın Baş naziri İlham Əliyev BMT Baş Assambleyasında 58-ci sessiyada çıxışı zamanı Təhlükəsizlik Şurasının fəaliyyətindəki nöqsanları cəsur bir şəkildə dilə gətirərək BMT-nin yenidən strukturlaşmasında yeni reallıqların nəzərə alınmalı olduğunu bildirmişdir. 21 il bundan əvvəl dilə gətirilən fikirlər bu günün qlobal konfiqurasiyasında özünü doğruldaraq, BMT-nin fəaliyyətindəki disfunksional cəhətləri göstərir.

30 ilə yaxın işğalda olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olundu. Xalq-iqtidar birliyi, ordu quruculuğu burada önəmli faktor olduğunu qeyd etməliyəm. Zəfər qazanmış Azərbaycanı daha uğurlu gələcək gözləyir. Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. "Dəmir Yumruğ"un yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalıdır. Dövlət başçımızın Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan edib və həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan layihələr icra olunmaqdadır. Vurğulamaq yerinə düşər ki, Azərbaycanın yaratdığı yeni reallıqlar regional sülh, sabitlik, təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir. Qarabağ Zəfəri sayəsində regionda yaranmış yeni geosiyasi vəziyyət region dövlətlərlə yanaşı, Avrasiya məkanında sülh və inkişafa yol açır. Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisə kimi əhəmiyyətə malikdir. Bu, türk dünyasını, Avropanı, eləcə də qonşu dövlətləri birləşdirəcək layihədir.

Bir sözlə, qətiyyətlə deyə bilərik ki, ötən 21 il ərizində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən ölkəsi kimi yüksək imicə sahibdir. "Əsl siyasət konkret, real iş görməkdir" – deyən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində hazırda, ilk növbədə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm addımlar atılmaqdadır. "Bizim məqsədimiz iqtisadi cəhətdən güclü, siyasi cəhətdən müstəqil dövlət qurmaqdır" – ölkə başçısının bu sözləri aparılan siyasətin ana xəttidir. Çünki iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır.

Sentyabrın 23-də yeddinci çağırış Milli Məclisinin ilk iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixi çıxış edərək bu ilin iqtisadi sahədə göstəricilərini rəqəmlərlə göstərdi: "Bu ilin iqtisadi sahədə göstəriciləri hesab edirəm ki, müsbətdir. Səkkiz ayda iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub. Biz son illər ərzində mənim tapşırığımla xarici borcumuzu ildən-ilə aşağı salırdıq və bu gün ümumi daxili məhsula nisbətdə bu, cəmi 7,5 faiz təşkil edir. Demək olar ki, biz bütün əsas kreditləri qaytarmışıq və yəni, əgər borcumuzu mütləq rəqəmlərlə götürsək, təqribən 5,3 milyard dollardır, - biz bir gündə qaytara bilərik. Daha heç bir ölkə ilə özümüzü müqayisə etmək istəmirəm. Amma bir rəqəmi deyim ki, inkişaf etmiş ölkələrin bəzilərində, o cümlədən bizə mühazirə oxumaq istəyən bəzi ölkələrdə xarici borc ümumi daxili məhsulun 100 faizini, ondan da yüksək rəqəmi təşkil edir. Yəni, bu, sadəcə olaraq kiçik bir arayışdır".

Dövlətimizin başçısı, həmçinin gələcək planları da vurğulayaraq bildirdi ki, əsasən vətəndaşların sosial rifahının yaxşılışdırmaq üçün iqtisadiyyatdaima inkişaf etməlidir: "Əlbəttə, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Çünki biz 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirmişik. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artmışdır. Onu da bildirməliyəm, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır".

Prezidenti İlham Əliyev Milli Məclisinin ilk iclasında çıxışında bildirdi ki, bir nömrəli vəzifə hərbi gücümüzü artırmaqdır: "Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. İndi dünyada nəinki siyasətlə məşğul olanlar, hesab edirəm ki, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, "Kim güclüdür, o da haqlıdır" prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər. Bizim isə siyasətimiz, əslində, uzun illər ərzində bu istiqamətdə aparılırdı. İşğal dövründə, ilk növbədə, hərbi gücümüzün artırılması daim bizim əsas vəzifəmiz idi və hər il Milli Məclisdə dövlət büdcəmiz təsdiq olunanda artıq hər kəs görürdü ki, birinci xərclər hərbi xərclərdir. Bu gün də belə olmalıdır".

Eyni zamanda, ölkə qarşısında böyük vəzifələr durur, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi. Ancaq əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər. Hazırkı dövrün əsas hədəfi olan hərbi gücümüzün artırılmasına gəldikdə, Azərbaycan İkinci Qarabağ münaqişəsində 30 ilin işğalına son qoyub ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməklə nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Ordumuz həm döyüş qabiliyyəti, həm də silah və texnika ilə təchizat baxımından daha da güclü olacaq. Bir sözlə, bu göstərilən reallıqlar bir daha Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu təsdiqləyir, ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir. Çünki iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Dövlət başçısı İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir və bu gün Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqedədir. Və qloballaşma şəraitində sürətlə dəyişən dünyanın bütün predmetləri nəzərə alınmaqla, əminliklə deyə bilərik ki, Azərbaycan bu gün inamla inkişaf edən ölkələr sırasında olmaqla, müstəqil, güclü iqtisadiyyata və maliyyə resurslarına malik, özünü təmin edən və mövqeyini müdafiə etməyi bacaran ölkədir. Bütün bunlar Azərbaycanın müstəqil siyasətinin nəticəsi, hər bir sahədə zəngin təcrübəyə malik olmasının təsdiqidir.

Bax, budur müasir Azərbaycan həqiqətləri. Əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Və yuxarıda deyilənlərdən hasil olan nəticə ondan ibarətdir ki, iqtisadi müstəqilliyin təmin edilməsi Azərbaycanın tarixi nailiyyətidir. Bu gün heç bir xarici dövlət, heç bir beynəlxalq təşkilat ölkəmizlə diktat dili ilə danışmır və danışa da bilməz. Məhz, son illər ərzində görülən işlər, açılan istehsal müəssisələri bir daha onu göstərir ki, Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla dayanıqlı inkişafı təmin edir, ən əsası dünyaya yeni iqtisadi modeli nümayiş etdirir.

Bir sözlə, bütün bu reallıqlar birmənalı şəkildə onu deməyə əsas veriri ki, son 21 ildə yürütdüyü siyasətlə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Qalib Lider, Prezidnti İlham Əliyev ölkəmizi daha möhtəşəm qələbələrə, zəfərlərə doğru aparır və aparacaq!. Çünki bizim 34 ildən sonra işğal olunan torpaqlarımızı öz sərkərdəliyi və qətiyyəti ilə azad edən, dövlətimizi qalib dövlət kimi dünyaya təqdim edən bir LİDERİ var.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə