"Uşaqdan böyüyə qədər bütün xalqımız səfərbər idi" - HƏRBİ EKSPERT FİKRİ
“Ermənistan beynəlxalq hüquqla ən ağır cinayətlər törədir. Soyqırım, terror, işğal və separatizm bura aiddir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, Gəncə terrorundan 4 il keçib: “Dörd il bundan öncə Ermənistan bütün cəbhə boyu məğlub olduğuna görə yenə uşaqlara, qadınlara, mülki əhalinin üzərinə raket atdı. Gəncəyə, Bərdəyə, Tərtərə hücum etdi. Məqsədi o idi ki, Azərbaycanda panika yaratsın. İstəyirdi ki, bir milyondan artıq yenidən qaçqın ordusu yaransın və Azərbaycan atəşi dayandırsın. Amma Azərbaycan əzmlə sona qədər getdi, qalib gəldi. Gəncə əhalisi də, Tərtər də, Bərdə də hər kəs dövlətin dövlətçiliyin yanında oldu, "Dəmir Yumruq"la birləşdi. Bütün panikalar, terror və planları hamısı alt-üst oldu və qəhrəman Azərbaycan xalqı böyük qələbə əldə etdi. Allah şəhidlərimizə rəhmət etsin həm hərbi, həm mülki şəhidlərimizi dərin ehtiramla yad edirik. O günləri heç bir zaman unutmaq olmaz.
Xalqımız birlik və bərabərlik nümayiş etdirdi. Azərbaycan xalqı qəhrəman xalqdır, Azərbaycan dövləti qalib dövlətdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük zəfər əldə edilib. Uşaqdan böyüyə qədər bütün xalqımız səfərbər idi, Dünya Azərbaycanlıları, dünyada yaşayan bütün türklər Azərbaycana dəstək olurdu və bu da Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaradırdı. Həmin günləri biz heç bir zaman unutmayacağıq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə