Qətiyyətin, qüdrətin növbəti isbatı - 4 oktyabr Cəbrayılın 27 illik həsrətə son qoyulduğu gün TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: "Bundan sonra cəbrayıllılar Cəbrayılda yaşayacaqlar"
Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyev cənablarının və Birinci xanım Mehriban Əliyevanını mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi bir daha dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur.
Çünki bu gün Azərbaycan mümkün olmayanı mümkün etdi: otuzillik işğala son qoyaraq möhtəşəm Zəfərə imza atdı! Ərazi bütövlüyünü, dövlət suverenliyini bərpa etdi! Buna Qalib Lider, Prezident İlham Əliyev "Dəmir yumruq" siyasəti ilə Güclü ordumuzun rəşadətli əsgər və zabitlərinin igidliyi ilə 30 illik torpaq həsrətinə cəmi 44 gündə son qoydu. Tarixi qələbəmiz olan 4 oktyabr Cəbrayıl rayonun 27 ildən sonra yurd həsrətinə son qoyuldu. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əks-həmlə əməliyyatı zamanı Cəbrayılın düşmən tapdağından azad olunmasından 4 il ötür.
Rayon 1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Cəbrayılın ərazisi 1050 kvadratkilometrdir. Bir şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olan rayonun işğala məruz qalarkən 52 min 604 nəfər əhalisi olub. Ermənistanın təcavüzkar xislətinin və vandalizm hərəkətlərinin bariz nümunəsi Cəbrayıl rayonunda törətdikləri vəhşiliklərdir. Ermənilər işğal müddətində Cəbrayılı tamamilə dağıdıb, tarixi-dini abidələri yerlə-yeksan edib. İşğal dövründə ermənilər rayonun 72 ümumtəhsil məktəbini, 8 xəstəxananı, 132 tarixi abidəni, 150 mədəniyyət ocağını, 100-ə yaxın kəndi insanlığa sığmayan hərəkətlərlə məhv ediblər. Eyni vandallıq 30 ilə yaxın işğalda qalmış digər ərazilərimizdə də törədilib.
Qeyd etmək lazımdır ki, Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən cəmi üç ay sonra, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyinin düşməndən təmizlənməsi nəticəsində Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçib.
İyirmi yeddi illik həsrətdən sonra 2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonunun erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarının erməni terrorçularından təmizlənməsi Ordumuzun şücaətinin nəticəsidir.
Bu il iyulun 31-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr – Cəbrayıl şəhəri günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.
Prezident İlham Əliyev azad olunmuş Cəbrayıl rayonuna bir neçə dəfə səfər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib. Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" üzrə Cəbrayıl rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Gələcəkdə Cəbrayıl rayon sakinləri mərhələli şəkildə öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Bu gün işğaldan azad edilmiş tarixi torpaqlarımızda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Lakin xalqımız ərazilərimizin düşməndən təmizlənməsi uğrunda canını qurban vermiş şəhidlərimizin və qazilərimizin xidmətini heç zaman unutmur. Unutmayaq ki, Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və rəşadətli Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və Ağdam, Kəlbəcər və Laçını bir güllə atılmadan boşaltmağa məcbur etdi.
CƏBRAYILIN İŞĞALDAN AZAD EDİLMƏSİ ZƏFƏR TARİXİMİZİN ŞANLI SƏHİFƏSİDİR
Və ən mühüm məqam isə, dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə hər bir səfəri xalqımızı qürurlandırır, düşmənləri isə sarsıdır. Bu yerdə dövlət başçımız İlham Əliyev cənablarının 3 il öncə- oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşü cəbrayıllılırın yaddaşında tarixləşdi. Dövlətimizin başçısı görüşdə çıxışı zamanı bildirdi ki, cbrayıllılarla müzəffər Ordumuzun Qələbəsindən sonra ilk görüşümdür və bu görüşü məhz oktyabrın 4-də keçirmək xüsusi məna daşıyır: "Çünki düz bir il əvvəl məhz oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad etdi və bu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün mən cəbrayıllıları onların öz yurduna, vətəninə dəvət etdim. Ona görə "Cəbrayıla xoş gəlmisiniz" demək sözləri ilə öz çıxışıma başlayıram. Amma əminəm ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə "Xoş gəlmisiniz, cənab Prezident" deyəcəklər.
Dövlətimizin başçısı İlham Əliyev cənabları vurğuladı ki, buna nail olmaq üçün əməli işlər aparılır və bu gün artıq bir neçə obyektin təməl daşı qoyuldu: "Bu gün Cəbrayıl şəhərinin baş planının təqdimatı olacaqdır və fəal işlər başlamışdır. Bu gün bir ilə görülmüş işlərə qiymət verərkən, əlbəttə, görürük ki, dövlətimizin, xalqımızın nə qədər böyük potensialı var. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buraya gələn hər bir insan bu dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu. Bunu görən beynəlxalq təşkilatlar, bunu görən Ermənistanın havadarları buna, sadəcə olaraq, biganə qalırdılar, göz yumurdular. Amma bu gün bütün dünya bunu görür və bunu görmək istəməyənlər də görməlidirlər. Çünki Cəbrayıl şəhərindən demək olar ki, əsər-əlamət qalmayıb. Cəmi beşmərtəbəli iki bina qalıbdır, onlardan da erməni hərbçiləri istifadə edirdilər və keçmiş xəstəxananı onlar hərbi hissəyə çevirmişdilər. Bundan başqa bütün binaları, bütün tarixi abidələri yerlə-yeksan etdilər".
DÖRD İL ƏVVƏL MÜJDƏLİ XƏBƏRİN VERİLDİYİ GÜN...
2020-ci il oktyabrın 4-də Prezident İlham Əliyev xalqa müraciət edib: "Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz - Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi".
Bəli, Qalib Liderimiz, Prezident İlham Əliyev cənablarının söylədiyi kimi, Böyük Qayıdışımız Cəbrayıldan, Cocuq Mərcanlı ilə başlayıb və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə bağlıdır. Cəbrayılın azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi də işğalçılardan təmizləndi. Vətən müharibəsi başa çatandan az sonra - 2020-ci il noyabrın 16-da Prezident, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaltdı. Qədim Xudafərin körpüsünün azad edilməsi və burada bayrağımızın ucaldılması, əlbəttə ki, böyük tarixi önəm, məna daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb.
CƏBRAYIL YENİ İNKİŞAF DÖVRÜNƏ QƏDƏM QOYUB
Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyəti ilə görüşü zamanı oktyabrın 4-ünün tariximizdə əbədi qalacağını vurğuladı: "Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndləri, Füzuli rayonunun 4 kəndi bizim birinci uğurumuz idi".
Göründüyü kimi, Cəbrayıl işğaldan azad edilən ilk şəhər kimi Zəfər tarixinə həkk oldu. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, 22 min 775 əsgər və zabitimiz Prezidentin Sərəncamına əsasən, "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək.
Ötən il iyulun 31-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr - Cəbrayıl şəhəri günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.
Prezident İlham Əliyev azad olunmuş Cəbrayıl rayonuna bir neçə dəfə səfər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib. Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" üzrə Cəbrayıl rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
Və dövlətimizin başçısı İlham Əliyev cənablarının siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, o cümlədən Cəbrayıl rayonu da yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək. Dövlət başçımızın söylədiyi kimi: "Bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə "Xoş gəlmisiniz, cənab Prezident" deyəcəklər".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə