"Azərbaycan dövlətçiliyi özünün yeni inkişaf mərhələsinə qədəm qoydu" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"1993-cü il oktyabr ayının 3-də Azərbaycanda ilk dəfə olaraq müstəqillik tarixində demokratik seçkilər keçirildi". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu tarixdə böyük dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldi: "Azərbaycan xalqının iradəsi ilə olan seçkilər özlüyündə milli dövlətçilik tariximizdə olduğu qədər, həm də milli demokratiya tarixində mühüm hadisə idi. Çünki ilk dəfə 3 oktyabrda keçirilən seçkilərdən sonra xalq həqiqi liderinə qovuşmuşdu. Ona görə də biz bu tarixi həm də qüdrətli, inkişaf etmiş Azərbaycana və bugünkü qalib Azərbaycana gələn yolun başlanğıcı kimi hesab edə bilərik.

Çünki 1993-cü ildə Ulu Öndər hakimiyyətə gəldikdən sonra artıq Azərbaycanın dövlətçilik institutları yenidən bərpa olunmağa başladı. Dövlət qurumları öz funksionallığını yenidən əldə etdilər. Dövlət siyasəti və dövlətin maraqlarına xidmət edən xüsusi siyasət müəyyənləşdirildi. Nəticə etibarilə bundan dərhal sonra milli dövlətçiliyimizin iqtisadi əsaslarında duracaq yeni bir neft müqaviləsinin imzalanmasına hazırlıqlar başladı. Bir il sonra imzalanacaq bu sənədi biz "Əsrin müqaviləsi" adlandırdıq. Çünki müstəqil dövlətçiliyin ilk növbədə iqtisadi əsaslarının və iqtisadi bazasının formalaşması zərurəti var idi. Şübhəsiz ki, Azərbaycana güclü beynəlxalq tərəfdaşlar lazım idi. Ona görə də Heydər Əliyev diqqəti ilk növbədə məhz bu istiqamətlərə yönləndirdi. Nəhayət, 1993-cü ildə Prezident seçildikdən sonra Heydər Əliyev Azərbaycanı məğlubiyyətə düçar edən o şərtlərə etiraz olaraq, Azərbaycan xalqının milli genefondunu qorumaq üçün 1994-cü ilin may ayında atəşkəs haqqında müqavilə imzalamağı bacardı. Bundan sonra Azərbaycan dövlətçiliyi özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Ona görə də bu tarix çox mühümdür. Müstəqil Azərbaycan dövlətçiliyinin legitim və hüquqi əsaslarda yenidən təntənə ilə qeyd etməsi tarixidir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə