Azərbaycan yeni dövrün reallıqları ilə addımlayır

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

Müstəqil Azərbaycanın əbədi və güclü dövlət olmasının əsasında güclü iqtisadi inkişaf durur. Dövlət quruculuğunun ilk illərində Ulu Öndər Heydər Əliyev iqtisadi inkişafın təməlini qoymaq üçün Ermənistanla atəşkəsə nail oldu. Ümummilli Liderin səyləri nəticəsində əldə olunan sabitlik ölkəmizə xarici investisiyaların qoyuluşuna böyük imkanlar qazandırdı. Bu, müstəqil Azərbaycan üçün yeni iqtisadi inkişaf yolu idi. “Əsrin müqaviləsi” ilə başlanan yol geləcək üçün böyük perspektivlər açdı. Bu yol bugünkü iqtisadi inkişafın təməlidir. Bununla dövlət quruculuğuna, uğurlu xarici siyasətə, sosial rifaha və ən əsası gələcəyin Zəfərinə geniş imkanlar açıldı.

İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin edildi. 30 ilin işğalı arxada qaldı, indi ölkəmiz genişmiqyaslı quruculuq, inkişafa qədəm qoyub və nəticələr göz qabağındadır.

Azərbaycan yeni dövrün reallıqları ilə addımlayır. “Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Builki iqtisadi artım 4,3 faiz təşkil edib. Dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparılır. Ona görə də düşünmək olar ki, neft-qaz sahəsində də yeni inkişaf modeli gözlənilir. Qeyri-neft sektorunun inkişafında da müsbət tendensiya müşahidə olunur. Qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir”, - cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin çıxışında söylənən bu fikirlər iqtisadi inkişaf tempindən xəbər verir.

Dayanıqlı iqtisadi inkişaf milli təhlükəsizliyin təmin olunması və o cümlədən, hərbi sahənin inkişafı üçün geniş imkanlar açır. Son illər ərzində və xüsusilə antiterror əməliyyatlarından sonra dövlət suverenliyimizin tam təmin edilməsi təbii olaraq bütün investorlara müsbət mənada əminlik və yeni imkankar yaratdı. Bizim ənənəvi sənaye mərkəzlərimiz olan - Bakı, Sumqayıt, Gəncə və s. şəhərlərimizdə sənaye parkları genişlənir və orada yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması müsbət haldır. Həmçinin, yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücününün və inkişafınının göstəricisidir.

23 sentyabrda Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev öz çıxışında bildirib: “Yerli hərbi sənaye kompleksimizi daha sürətlə inkişaf etdirməliyik. Bu il bu məqsədlə böyük vəsait ayrılmışdır və gələn il də ayrılacaq. Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçibdir. Biz xarici mənbələrdən daha az asılı olmalıyıq”.

Növbəti gün Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olub. Beynəlxalq əhəmiyyətli bu tədbir həm də Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişi idi. Bu, söz və əməlin ifadəsi, cənab İlham Əliyevin “Bizim sözümüz bizim imzamızdır” fikrinin təsdiqidir. Ermənistana havadarlıq edən Fransa isə onu silahlandırmaq əvəzinə, Haitinin təzminat tələbinə cavab versin.

“Büdcə dövlətimizin imkanlarını əks etdirir. Heç bir yerdən heç bir yardım almırıq. Xarici borcumuz ümumi daxili məhsula nisbətdə cəmi 7,5 faizdir. Gələn ilin əsas xərcləri artıq müəyyən edilib. İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr. Həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr - bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq” - müşavirədə söylənən bu fikirlər iqtisadi inkişafın yönəldiyi ünvanları aydın göstərir. Bu ünvanda vətəndaşların sosial rifah halı xüsusi vurğulanır, gələn il minimum əməkhaqqının və pensiyaların artırılması da büdcədə nəzərdə tutulur.

Azərbaycanın əsas hədəfi iqtisadiyyatı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. Artıq ölkəmizin iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Yeni dövrün yeni reallığı da məhz daha güclü Azərbaycan qurmaqdır! yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə