"İlin sonuna qədər bu rəqəmin təxminən iki dəfə artacağı gözlənilir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"İşğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma, eyni zamanda həmin ərazilərimizin bərpası və yenidən qurulması intensiv şəkildə davam edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, artıq Cəbrayılda da məskunlaşmaya start verildi: "Cəbrayıl, ümumiyyətlə, məskunlaşmanın həyata keçirildiyi ilk rayondur, çünki Cocuqmərcanlı kəndində ilk olaraq məskunlaşma həyata keçirilmişdi. Artıq səkkiz mindən artıq vətəndaşımız Qarabağ və Şərqi Zəngəzurda məskunlaşıb. İlin sonuna qədər bu rəqəmin təxminən iki dəfə artacağı gözlənilir. 2027-ci ilədək yüz qırx min vətəndaşımız öz ata-baba yurdlarına qayıdacaqlar. Artıq keçmiş məcburi köçkünlərin intensiv şəkildə öz tarixi torpaqlarına, ata-baba yurdlarına qayıtması müşahidə olunur. Bu, Azərbaycanın gücünü göstərir.

Ermənistanın 30 illik işğal müddətində dağıdaraq tamamilə xarabalığa çevirdiyi ərazilər Azərbaycan tərəfindən yenidən qurulur, bərpa edilir. Bu da ondan xəbər verir ki, Azərbaycan öz daxili resursları ilə işğaldan azad etdiyi ərazilərini çox qısa zamanda bərpa etmək, inkişafı, həyatı yenidən həmin ərazilərə qaytarmaq gücündədir. Bu kontekstdən Cəbrayıla qayıdış və məskunlaşmanın başlanması bir daha Azərbaycanın gücünü göstərən faktorlardan biridir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə