Əqli Mülkiyyət Agentliyində “Açıq qapı” günü - FOTO

Əqli Mülkiyyət Agentliyində “Açıq qapı” günü keçirilib. Agentlikdən SİA-ya bildirilib ki, tədbirdə çıxış edən Aparat rəhbəri Xudayət Həsənli ixtiraların patentləşdirilməsi ilə bağlı bütün prosedurların şəffaf, obyektiv və sürətli həyata keçirilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.

Agentliyin rəhbərliyinin təşəbbüsü ilə iddia sənədlərinin qəbulunun və iddia sənədləri üzrə yazışmalarla bağlı prosedurların hələ bir neçə il əvvəl elektronlaşdırıldığını deyən X.Həsənli bu işlərin 24/7 rejimində fəaliyyət göstərən PƏNAH rəqəmli sistemi vasitəsilə aparıldığını diqqətə çatdırıb. Bildirib ki, elektron sistemin tətbiqi ilə iddia sənədlərinin ekspertizasını keçirən ekspertlər və bu sahədə müvafiq xidmətləri göstərən digər şəxslərlə iddiaçılar arasında canlı təmas, demək olar ki, aradan qaldırılıb. Bütün sənaye mülkiyyəti obyektləri barədə məlumatlara əlçatanlığı təmin edən “Açıq reyestr”lər yaradılıb. İstənilən şəxs istədiyi vaxt və istədiyi yerdən onu maraqlandıran ixtira, faydalı model, sənaye nümunəsi, habelə əmtəə nişanı ilə eyni, yaxud ona oxşar olan digər obyektin qeydiyyata alınıb-alınmadığına dair məlumat əldə edə bilər.

Agentliyin İdarə Heyəti sədrinin müşaviri Gülnarə Rüstəmova bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayaraq, gələcəkdə belə görüşlərin davam etdiriləcəyini bildirib.

Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri Gülarə Mustafayeva diqqətə qeyd edib ki, iddia sənədinin ekspertizası və patentlərin verilməsinə görə xidmət haqları və dövlət rüsumlarının “Hökumət Ödəniş Portalı” (HOP) vasitəsilə ödənilməsində bəzi hallarda iddiaçılar texniki problemlərlə üzləşirlər. O, bu məsələlərlə əlaqədar iddiaçılardan daxil olan müraciətlərin dərhal araşdırılaraq problemin aradan qaldırıldığını və iddiaçılara bundan sonra da Agentlik tərəfindən lazımi dəstək göstəriləcəyini vurğulayıb.

960 - Çağrı mərkəzinin əməkdaşı Firuzə Bəhramova PƏNAH sistemi vasitəsilə müraciət qaydaları, onlayn müraciətlərin qəbulu üçün sistemdə xüsusi “pəncərə”nin yaradılması, habelə iddia sənədinə daxil olan materialların sistemə yüklənməsi zamanı müşahidə olunan nöqsanlar və texniki çətinliklər barədə məlumat verib. O deyib ki, Agentliyin əməkdaşları yaranan texniki çətinliklərin aradan qaldırılmasında da iddiaçılara zəruri kömək göstərirlər.

Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira, faydalı model və sənaye nümunəsinin ekspertizası şöbəsinin müdiri Sevinc Zeynalova, şöbə müdirinin müavini - İlkin ekspertiza, axtarış və sənaye nümunələri üzrə iş sektorunun müdiri Afət Qasımova iddia obyektinə aid ərizənin və müqavilənin tərtib edilməsi qaydaları, iddia sənədini təşkil edən sənədlər toplusu, hər bir iddia obyektinə dair qrafik materiallara aid tələblər, PCT beynəlxalq sistemi vasitəsilə xaricdə patentləşdirmə, Avrasiya patentinin alınması qaydası, müddətləri və bu sahələrdə digər məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

İddia sənədlərinin onlayn qaydada verilməsi praktik formada nümayiş etdirilib.

Sonra tədbir iştirakçıları Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxananın fondları ilə tanış oldular.

“Açıq qapı” günündə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fizika Elmi-Tədqiqat İnstitutu, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Radiasiya Problemləri İnstitutu, “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi-Tədqiqat İnstitutu, SOCAR və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndələri iştirak ediblər. Naxçıvan Dövlət Universitetinin nümayəndələri tədbirə onlayn qoşulublar.

İştirakçılar “Açıq qapı” gününün çox əhəmiyyətli olacağını bildirərək, belə tədbirlərin ali təhsil və elmi-tədqiqat müəssisələrində də keçirilməsini təklif ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə