"Hərbi gücün artmasının tərəfdarıyıq" - MÜNASİBƏT BİLDİRİLDİ

“ADEX-ə Azərbaycan artıq davamlı olaraq neçə illərdir ev sahibliyi edir. Hər dəfə bu sərgi keçiriləndə müxtəlif dövlətlərin istehsal etdikləri nümunələr sərgidə nümayiş etdirilir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Telman Qasımov deyib.

Telman Qasımov sözlərinə belə davam edib: “Burada Azərbaycanın da hərbi sənayesinin istehsal etdiyi həmin o hərbi məhsullar paralel olaraq sərgilənir. İldən-ilə əgər siz nəzər keçirsəniz, deyəcəksiniz ki, ildən-ilə həm çeşidləri artır, həm də daha yenilənmiş silahların və yaxud da digər texnikaların sayı, həm də çeşidləri dəyişir. Azərbaycan dəfələrlə bu sərgiyə ev sahibliyi edib. Əsas xüsusiyyətləri odur ki, bunu geniş şəkildə həm xalqa daxili auditoriyaya, həm də xarici auditoriyaya istehsalında olan real, vizual hərbi məhsullarını nümayiş etdirir.

Bilirsiniz ki, bizdə hərbi sənaye yeni yaranmış bir sənayedir. Bunu keçirməklə biz bir daha dünyaya da sübut edirik, mesaj veririk ki, inkişafdayıq. Digər qonşu regiondakı olan ölkələrdən məsələn Gürcüstan, Ermənistan olsun ki, onlara baxanda Azərbaycan çox-çox irəliləyib. Bu mənada yenə qeyd edirəm ki, burada ən vacib olan xüsusiyyətlər odur ki, Azərbaycanın daxili istehsalının gücünü və potensialını biz dünyaya çatdıra bilirik.

Cənab Prezident parlamentdə çıxışında da dönə-dönə qeyd etdi ki, biz hərbi müstəvidə inkişafdayıq, ildən-ilə maliyyə xərclərini artırırıq yeni-yeni növ hərbi məhsulları istehsal edirik və qarşıda da daha perspektivli, daha geniş istehsallar əldə edəcəyik. Ona görə də nə qədər də regionda biz sülhün yaranmasını istəsək də onunla paralel olaraq hərbi sənayenin və hərbi gücün də artmasının tərəfdarıyıq və o sahədə xeyli işlər görülür”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə