"Həmin gün dünya azərbaycanlılarının, türk dünyasının bayramıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"27 sentyabr Azərbaycanın yeni tarixində müstəsna hadisənin başlandığı gündür". Bu sözləri SİA-ya açıqlamasında "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert, "Hərbi And" qəzetinin baş redaktoru Emin Həsənli deyib.

O bildirib ki, 27 sentyabr yüz ildən artıqdır ki, işğala son qoyulan bir günün, soyqırıma, separatizmə, terrora son qoyulan günün başlanğıcı idi: "Azərbaycan dövləti, Azərbaycan xalqı Prezident Ali Baş Komandan İlham Əliyev başda olmaqla Vətən müharibəsinə başladı. Böyük Zəfər əldə edildi. 44 günün içində Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Keçən ildə bir gündən az bir vaxtda Azərbaycanın suverenliyi bərpa olundu.

Bunun çox böyük önəmi var. Həmin gün dünya azərbaycanlılarının, türk dünyasının bayramıdır. Allah şəhidlərimizə rəhmət eləsin. Heç də təsadüfi deyil ki, həmin günü cənab Prezident Anım Günü elan edib. Biz şəhidlərimizin əziz xatirəsini uca tuturuq. Azərbaycanın himni də onlar üçün yazılıb. "Səndən ötrü can verməyə cümlə hazırıq", "Minlərlə can qurban oldu, Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu".

Ən böyük hüquq yaşamaq, sağlamlıq hüququdur. Şəhidlərimiz yaşamaq hüquqlarından keçiblər. Qazilərimiz sağlamlıq hüquqlarından keçiblər. Qəhrəmanlıq, vətənpərvərlik baxımından çox böyük hadisədir, ən önəmli faktdır. Bu, Azərbaycan xalqının nə qədər qəhrəman, nə qədər vətənpərvər olduğunun bariz nümunəsidir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə