“Konqresmenlər, fransız deputatlar 30 il ərzində kar, kor oldular” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“ABŞ, Fransa və ya digər Qərb dövlətləri dairələrində yenidən Qarabağ kartını manipulyasiya etmək, Azərbaycan-Ermənistan konfliktini qızışdırmaq, Ermənistana dəstəklərini nümayiş etdirmək cəhdləri və Azərbaycanı müxtəlif insan haqları kontekstində qanun pozulmaları, beynəlxalq qaydalara riayət etməməkdə ittiham etmək, hətta ölkəmizə qarşı müəyyən sanksiyalar tətbiq etmək təklifi ilə çıxış etmək sözügedən Qərb dairələrinin Qafqazda nüfuz savaşının tərkib hissəsidir. Onların əsas məqsədi Qafqaza yerləşmək və bu regionda söz sahibinə çevrilmək, imperialist niyyətlərini həyata keçirməkdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, xeyli müddətdir Fransanın prezidenti Makronun, onun əlaltılarının, bəzi Avropa deputatlatının sərsəm bəyanatlarını eşidirik: “Onlar Qarabağda yaşayan ermənilərin insan haqlarının pozulması, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməkdə doğru iş görmədiyi kimi əsassız fikirlər səsləndirilir. Parlamentin VII çağırış ilk iclasında cənab Prezidentin söylədiyi kimi Qərbin heç də erməni xalqına ürəyi yanmır. Ermənistan və erməni siyasətçiləri hər zaman müxtəlif qüvvələrin, güclərin əlində alət olublar. Təəssüf ki, bu gün də Ermənistandan alət kimi istifadə etməyə davam edirlər. Ermənistandakı siyasi qüvvələr, o cümlədən Ermənistan rəhbərliyi məmnuniyyətlə alət rolunu öz üzərlərinə götürüblər.

Şübhəsiz ki, bütün bunların nəticəsi olmayacaq. Azərbaycana qarşı heç bir ciddi mənfi təsirlərə səbəbiyyət verməyəcək. Azərbaycan güclü dövlətdir və bizim çox güclü Ali Baş Komandanımız, Liderimiz var. Dövlət başçısının nüfuzu dünyada o qədər yüksəkdir ki, bu gün onu hər hansı ölkənin, o cümlədən Amerika və Fransanın prezidentlətinin nüfuzu ilə müqayisə etmək belə düzgün deyil. Bu mənada Azərbaycanın dostları, bizə dəstək olan ölkələr də çoxdur. Azərbaycanın yüksək nüfuzunun nəticəsidir ki, dünyanın 200-ə yaxın dövlətinin səsverməsi ilə COP29-un ölkəmizdə keçirilməsi razılaşdırılıb.

Eyni zamanda Azərbaycan heç bir beynəlxalq hüquq qaydalarını pozmayıb, heç bir dövlətin ərazisini işğal etməyib. Azərbaycan yalnız ərazilərimizdə 30 il ərzində hökmranlıq edən terror qruplaşmalarının fəaliyyətinə son qoyub, ərazilərini işğaldan azad edib. Qarabağda yaşayan ermənilərin ərazilərimizi tərk etməsi isə onların könüllü şəkildə verdikləri qərardır. Əgər Azərbaycan onları çıxartmalı olsa idi, elə 2020-ci ildə bu prosesi həyata keçirərdi. Biz bunu etmədik, humanistlik göstərdik və orada yaşayan insanlara da dəfələrlə ərazilərimizdə bizim qanunlarımız çərçivəsində yaşamağı təklif etdik. Amma bunlar təklifimizi qəbul etməyərək, ərazilərimizi tərk etdilər.

İnsan haqlarından danışan Amerika konqresmenləri, Fransa deputatları 30 il ərzində kar, kor oldular. Azərbaycanın öz yurd-yuvasından didərgin düşmüş 1 milyon vətəndaşının hüquqlarının tapdalanmasına səs çıxarmadılar. İndi isə ermənilərin guya pozulan hüquqlarının müdafiəsinə qalxıblar. Bu mənada bütün danışıqlar boş məsələdir. Onların yeganə niyyəti Ermənistandan alət kimi istifadə edərək Cənubi Qafqazda öz hegemonluqlarını həyata keçirməkdir. Lakin buna nail olmayacaqlar. Ölkə rəhbərinin də söylədiyi kimi qarşımızda duran əsas məqsəd hərbi qüdrətimizi artıraraq özümüzü və bölgəmizi müdafiə etməkdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə